Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadə barəsində seçilmiş həbs-qətimkan qərarını dəyişdirilməsi ilə bağlı vəsatətin Bakı Apellyasiya Məhkəməsində təmin etməməsindən təəssüfləndiyini bəyan edir. RATİ həmçinin məhkəmədə KİV nümayəndələri və müşahidəçilərin iştirakına şərait yaradılmasını və çəkiliş aparmalarına icazə verilməsini alqışlayır.
Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində təxribata çəkilməklə döyülərək xəsarət alıblar. Zərərçəkmiş şəxs qismində polisə müraciət etmələrinə baxmayaraq, onlar şərlənərək həbs olunublar. Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi ciddi hüquq pozuntuları və qanuna zidd hərəkətlərlə aparılmış və istintaqın gedişatında gənclərə qarşı daha bir saxta ittiham – CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu ittihamlara əsasən, Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir.
RATİ bildirir ki, bu vəsatətin qəbul olunmaması Azərbaycanda girov qoyularaq azad olunma mexanizminin işləmədiyinin, xüsusilə də siyasi sifarişlə həbs olunmuş şəxslərə şamil olunmamasının göstəricisidir.
RATİ bir daha bəyan edir ki, yerli və beynəlxalq ictimaiyyət tərəfindən Vicdan Məhbusu kimi tanınan bu bloqçular sırf ifadə azadlığının qurbanı olaraq, həbs olunduqları üçün dərhal azad olunmalıdırlar.