REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikası  hakimiyyətinin Muxtar Respublika “Demokratiya və QHT-ın İnkişaf Resurs Mərkəzi”nə və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna  qarşı başladığı hədə və qarayaxma kampaniyasını kəskin pisləyir.

Belə  ki, dekabrın 15-da Naxçıvanda “Demokratiya və QHT-ın İnkişaf Resurs Mərkəzi” İctimai Birliyinin əməkdaşlarının – İlqar Nəsibov və Vəfadar Eyvazov  zorakılığa məruz qalıb. Həmçinin hadisə yerinə gələn RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasova qarşı nalayiq söyüşlər və hədələr söylənilib. Qeyd edək ki, Elman Abbasov RATİ-nin Naxçıvan üzrə bölgə müxbiri olmaqla yanaşı, Naxçıvanda Qeyri-Hökumət Təşkilatının İnkişaf Resurs Mərkəzi İctimai Birliyi ilə də əməkdaşlıq edir.

Muxtar Respublika rəhbərliyi jurnalist və QHT nümayəndələrinə  qarşı təzyiq və hücum faktını araşdıraraq günahkarları cəzalandırmaq əvəzinə, zərərçəkənlərə qarşı qarayaxma, hədə və şantaj kampaniyasını davam etdirir. Belə ki, dekabrın 18-də Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyi, daha sonra isə Muxtar Respublika Daxili İşlər Nazirliyinin baş vermiş hadisəni təkzib etdikləri açıqlamada Resurs Mərkəzi və RATİ ilə bağlı əsassız iddialara yol vermişdir. Dekabrın 21-də isə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən Resurs Mərkəzinin əməkdaşı İlqar Nəsibova zəng edilib və 15 gün ərzində təşkilatda yoxlamalara başlayacaqlarını bildirilib.

RATİ  hesab edir ki, Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyini Resurs Mərkəzində yoxlamalara başlamaq istəyi ilə edilmiş telefon zəngi QHT-nin hədələnməsi və şantaj edilməsidir. Muxtar Respublikanın Bakıdakı daimi nümayəndəliyi və əslində QHT nümayəndələrini döyənləri məsuliyyətə cəlb etməyə borclu olan Muxtar Respublika DİN-nin qarayaxma xarakterli siyasi bəyanatla çıxış etməsi də bir daha Naxçıvan Muxtar Respublikası hakimiyyətinin QHT və mediaya qarşı açıq surətdə dözümsüzlük nümayiş etdirdiyini göstərir.

RATİ  Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası rəhbərliyini insan haqlarına və söz azadlığına hörmətlə yanaşmağa, vətəndaş cəmiyyətinin nümayəndələrinə və jurnalistlərə qarşı hədə, şantaj, qara yaxma kampaniyasına  son qoymağa, bu əməlləri sifariş edən və törədən şəxsləri isə cəzalandırmağa çağırır. 

Previous Post

GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.