REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Üzeyir Cəfərova məxsus "Vaz-2107" markalı maşının yandırılmasından narahat olduğunu bildirir.

Belə ki, aprelin 24-dən 25-ə keçən gecə jurnalistin yaşadığı həyətdə saxlanılan  Cəfərova məxsus maşının benzin çəninin yerləşdiyi hissəsinin altına içərisində benzin olan plastmas şüşə qoyaraq yandırıblar. Cəfərovun sözlərinə görə, şüşədə benzin az olduğundan alov tez sönüb, əks halda maşın partlaya bilərdi. Dünən səhər bu barədə xəbər tutan Cəfərov maşınının sağ arxa hissəsinin və təkərin yandığını aşkarlayıb. Eyni zamanda benzin iyi gələn plastmas şüşənin qalıqları da maşının yerləşdiyi ərazidən tapılıb. 
 
Cəfərov dərhal bu barədə polisə xəbər verib və Binəqədi Rayon 7-ci Polis Bölməsinin operativ qrupu hadisə yerinə gəlib. Öz növbəsində onlar da Fövqəladə Hallar Nazirliyinin ekspertlərini dəvət ediblər və onlar maşının zədələndiyini qeydə alıblar. Bundan sonra maşın təmirə göndərilib. 
 
RATİ güman edir ki, bu hadisə Cəfərovun jurnalist fəaliyyəti əlaqəli ola bilər. Hərbi mövzularda yazan və fəaliyyətini dayandırmış "Gündəlik Azərbaycan" qəzetinin redaktoru olmuş Cəfərov dünən RATİ-yə aşağıdakı məzmunlu açıqlama verib:
"Üç gün bundan qabaq hərbi əsirlə bağlı açıqlama vermişdim ki, generallar etinasızlıq edirlər, əsgərin əsir düşməsindən xəbərləri yoxdur. Bundan başqa da "24 saat" qəzetində köşə yazıları yazıram. Müxtəlif qəzetlərə açıqlamalar verirəm. Mən jurnalistəm və ancaq bu sənətlə də məşğulam. Heç kimlə şəxsi ədavətim, düşmənçiliyim yoxdur. Bu səbəbdən hesab edirəm ki, hadisə jurnalist fəaliyyətimlə bağlı hazırlanmış növbəti təxribatdır". 
 
 Xatırladaq ki, Cəfərova keçən il aprelin 20-i hücum edilmiş və o vəhşicəsinə döyülmüşdü. Bu il yanvarın 28-i və 29-da isə ona yüzlərlə hədələyici zənglər gəlmişdi. Həmin ərəfədə Apellyasiya Məhkəməsi Cəfərovun Yasamal Polis İdarəsinə qarşı qaldırdığı iddiaya baxmış və təmin etməmişdi. Şikayət Cəfərova qarşı 20 aprel 2007-ci ildə edilmiş hücumla bağlı cinayət işinin açıldığı polis idarəsinin müstəntiqinin hərəkətsizliyindən verilmişdi. Bu hücum "Gündəlik Azərbaycan" və "Realniy Azerbaydjan"  qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbs edilməsi barədə məhkəmə qərarının çıxdığı gün və qəzetin redaksiyasının qarşısında baş vermişdi. Jurnalist ona hücum edən şəxslərdən birinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbovun olduğunu istintaqa bildirmişdi.
           
RATİ yerli hüquq-mühafizə orqanlarını jurnalist Üzeyir Cəfərova qarşı törədilmiş son hadisəni dərhal və obyektiv şəkildə araşdırmağa və bu təhlükəli cinayətə görə təqsirli olan şəxsləri məsuliyyətə cəlb etməyə çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətinə təsir etməyə çağırır ki, hökumət jurnalistlərin təhlükəsizliyini gücləndirsin və hamı üçün söz və mətbuat azadlığını təmin etsin.
 

Previous Post

POLİSİN QƏZET SATIŞINA İMKAN VERMƏDİYİ BİLDİRİLİR

Next Post

ALI KERIMLI VE “AZADLIQ” QAZETI BAREDE SENEDLI FILM 2 HISSE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.