REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 12 saylı Cəzaçəkmə Müəssisində saxlanılan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı həyata keçirilən təxribata görə Azərbaycan hökumətini qınayır.

 Baş redaktorun atası Emin Fətullayevin verdiyi məlumata görə, dünən (29 dekabr) səhər saatlarında baş redaktorun 30 nəfərlə birgə saxlanıldığı barakda (Böyük kamera) 0,22 qram heroin tapılıb. Narkotik maddənin jurnalistin gödəkcəsindən və ayaqqabısından tapıldığı bildirilir.

Qaradağ rayon Polis İdarəsindən isə bildirilib ki, artıq hadisə ilə bağlı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama və ya satma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.  

Bu gün (30 dekabr) axşam saat 21.00 radələrində Eynulla Fətullayevlə görüşən vəkili İsaxan Aşurovdan aldığımız son məlumata görə, baş redaktora qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə cinayət işinə başlanılıb. Bu maddə ilə jurnalistin daha 3 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılması gözlənilir.  Baş redaktor isə üstündən narkotik maddənin aşkarlanmadığını və bunun  özünə qarşı növbəti təxribat olduğunu deyib.

RATİ qeyd edir ki, bu təxribatın törəmə səbəbi birbaşa Avropa İnsan Haqları Məhkəməsində yaxın günlərdə Fətullayevin verdiyi şikayət üzrə prosesin keçirilməsi ilə bağlıdır. Belə ki, hökumət Eynulla Fətullayevə qarşı bu təxribatı hazırlamaqla onu  Avropa Məhkəməsindəki iddiasından geri çəkməyə təhrik etməyə cəhd edəcək və yaxud Avropa Məhkəməsi Eynulla Fətullayevə qarşı işin ədalətsiz olması barədə qərar verərək onun azad edilməsini tələb etsə də bu, halda Eynulla Fətullayev yeni ittihamla ilə həbsdə saxlanılacaq.

            RATİ hesab edir ki, bu təxribatı Eynulla Fətullayevin azadlığa çıxmasının qarşısını almaq üçün onun kamerasına narkotik maddələrin atılması hakimiyyət tərəfindən təşkil edilmiş əməliyyat nəticəsində həyata keçirilib. Artıq 3 ilə qədər həbsxanada olan jurnalistdən qəfildən Avropa Məhkəməsinin prosesi ərəfəsində narkotik maddənin tapılması şübhəli məqamlardan biridir.    

RATİ xatırladır ki, hakimiyyət tərəfindən şərlənərək polisin qondarma üsulla ittiham etdiyi “Azadlıq” qəzetinin yazarı, jurnalist-satirik Mirzə Sakitin də 2006-cı ildə cibinə 10 qram narkotik maddə atılmışdı və o da Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

RATİ hesab edir ki, “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsini araşdıran Eynulla Fətullayevə qarşı bu cür münasibətin göstərilməsi Elmar Hüseynovun qətlinin arxasında məhz hakimiyyətin durması ehtimallarını daha da gücləndirir.

            RATİ Azərbaycan hakimiyyətini söz azadlığına başlanmış amansız müharibəni dayandırmağa çağırır, həbsdə olan, yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınan Eynulla Fətullayevin, Qənimət Zahidin, Emin Millinin (Abdullayev) Adnan Hacızadənin dərhal azadlığa buraxılmağını  tələb edir.

            RATİ beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərə riayət etməyi tələb etməyə çağırır. RATİ eyni zamanda Azərbaycan  hakimiyyətə qarşı ən sərt sanksiyaların tətbiq edilməsini, Azərbaycanın üzvü olduğu və insan haqları sahəsində üzərinə öhdəliklər götürdüyü təşkilatların (Avropa Şurası, ATƏT və s.) üzvlüyündən kənarlaşdırılmasını təmin etməyə çağırır.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

Eynulla Fətullayevlə bağlı toplantı keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.