REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) prezident tərəfindən təklif olunmuş  media qanunvericiliyinə nəzərdə tutulmuş mürtəce əlavə və dəyişiklikləri qətiyyətlə pisləyir və bunu Azərbaycanda söz azadlığını  boğa biləcək ən qəddar addım kimi qiymətləndirir.

Belə ki, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi üçün Prezident Administrasiyasından Milli Məclisə təklif gəlib. Qeyd edək ki, “əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və ya etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur”  bəndinin yuxarıda adıçəkilən qanunlarla yanaşı, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara da əlavə olunması təklif olunub.
RATİ bəyan edir ki, “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara təklif edilən bu dəyişiklik KİV-in fəaliyyətinin ciddi şəkildə məhdudlaşdırılmasına səbəb olacaq və jurnalistlərin məlumat toplamaq və yaymaq azadlığına ağır zərbə vuracaq.
RATİ bu dəyişiklikləri pisləyən digər Azərbaycan QHT-ləri ilə tam şəkildə narahatçılığını bölüşür və bir daha qeyd edir ki, jurnalist fəaliyyəti təkcə müşahidə etməklə kifayətlənə bilməz. Jurnalist hər hansı şəxsi izləmək, hər hansı məlumatları texniki vasitələrdən istifadə etməklə dinləmək, video və foto çəkiliş aparmaq və yazmaq haqqına sahib olmalıdır. Xüsusilə də araşdırma aparan jurnalistlər yalnız könüllü verilmiş məlumatlarla kifayətlənə bilməzlər.  
RATİ  xatırladır ki, 18 mart 2009-cu ildə keçirilmiş və kütləvi saxtakarlıqla müşahidə olunmuş Referendumda iqtidar “xalqın iradəsindən” istifadə edərək Konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ)  maddəsinə “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz” əlavəsi edilmişdi.
RATİ hesab edir ki, bu cür mürtəce dəyişikliklərin həyata keçirilməsinin əsl səbəbi iqtidarın ölkədə korrupsiyanın baş alıb getməsini ört-basdır etmək cəhdidir və “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara edilməsi nəzərdə tutulan bu dəyişiklər də həmin cəhdin davamıdır. O zaman “şəxsi həyatın qorunması” adı altında Konstitusiyaya bu mürtəce dəyişiklik edən, indi isə artıq jurnalistlərin informasiya əldə etmək və yaymaq hüquqlarını əllərindən almağa çalışan hakimiyyət əsl istəyini açıq nümayiş etdirir.
RATİ bildirir ki, nəzərdə tutulmuş bu dəyişiklik Azərbaycan Respublikası Konstitusiyasının 47-ci (Fikir və söz azadlığı) və 50-ci (Məlumat azadlığı) maddələrinə, həmçinin  Avropa İnsan Haqları Kon¬vensiyasının 10-cu (İfadə etmək azadlığı) maddəsinə ziddir.
RATİ Azərbaycan Milli Məclisinin deputatlarını bu dəyişikliklərə etiraz etməyə və səs verməməyə çağırır.
RATİ eyni zamanda Azərbaycan iqtidarını yenidən referendum keçirərək, Konstitusiyanın 32-ci (Şəxsi toxunulmazlıq hüququ)  maddəsinə edilmiş mürtəce əlavəni çıxarmağa çağırır.

Previous Post

QANUNVERİCİLİYƏ TƏKLİF OLUNAN MÜRTƏCE ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR

Next Post

TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI İCTİMAİ BİRLİYİ HESABATINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.