REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “SalamNews” agentliyinin müxbiri Zülfüqar Xeyirxəbərin fiziki təzyiqə məruz qalması faktını qətiyyətlə pisləyir.

Belə ki, dünən (18 fevral) saat 12.00 radələrində İqtisad Universiteti ilə üzbəüz  “Karvan” çay evində baş vermiş partlayışla bağlı məlumat hazırlamaq istəyərkən özünü kafenin sahibi kimi təqdim edən Zaur Qafarov onu təhqir edib və peşə fəaliyyətini yerinə yetirməyə mane olub. Daha sonra isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı onu itələyib və Əziz adlı digər şəxs ona zərbə endirib və jurnalist zərbələr nəticəsində xəsarətlər  alıb. Z.Xeyirxəbər şikayət üçün müraciət etdiyi Səbail rayon polis idarəsinin 9-cu polis bölməsində də İbrahim adlı təhqiqatçının da kobud rəftarı və təhqirləri ilə üzləşib.
RATİ bəyan edir ki, jurnalistin qanuni peşə fəaliyyətini yerinə yetirərək hadisə yerindən reportaj hazırlamasına mane olunması Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinə ziddir. Həmçinin onun peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.
RATİ qeyd edir ki, həm jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, həm də ona qarşı fiziki təzyiq faktı cinayət əməli olduğuna görə, bu əməli törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.   
RATİ hüquq-mühafizə orqanlarını jurnalistə qarşı baş vermiş cinayət əməllərini  araşdırmağa, və günahkarları məsuliyyətə cəlb edərək, cəzalandırmağa çağırır.
RATİ həmçinin Daxili İşlər Nazirliyi rəhbərliyini polis bölməsində jurnalistə qarşı pis rəftar göstərmiş tədqiqatçı barəsində müvafiq ölçü götürməyə çağırır.

Previous Post

TƏLƏBƏ-JURNALİSTİN ALİ MƏKTƏBDƏN QOVULMASI İLƏ BAĞLI AKSİYA KEÇİRİLİB

Next Post

ELAN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.