Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadə barəsində Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixili hökmündən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini qətiyyətlə pisləyir və hesab edir ki, bu qərar siyasi sifarişlə çıxarılıb.
İfadə azadlığına görə şərlənərək həbs olunmuş gənc bloqçuları Vicdan Məhbusu kimi tanıyan yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları onların azad olunması üçün dəfələrlə Azərbaycan hökumətinə müraciətlər etsələr də, gənclərə verilmiş cəza dəyişdirilmədən saxlanmışdır.
RATİ Azərbaycan hakimiyyətini gənc bloqçular Adnan Hacızadə və Emin Millini, həmçinin saxta ittihamlarla həbs olunmuş digər jurnalistlər – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə verilmiş cəzaları ləğv etməyə, onları dərhal azadlığa buraxmağa çağırır.
RATİ həmçinin Azərbaycan hakimiyyətini ölkədə söz azadlığını təmin etməyə və müstəqil mətbuat üçün münbit şərait yaratmağa çağırır.