GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (10 mart) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular Emin Milli (Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə bloqçuların vəkilləri İsaxan Aşurov və Elton Quliyev çıxış edərək, apellyasiya şikayətində təqsirləndirilənlərin günahsızlığını sübut edən dəlilləri diqqətə çatdırdılar və sənədi yazılı şəkildə məhkəməyə təqdim etdilər. Vəkillər həmçinin bloqçulara qarşı işin əvvəlindən həbs-qətimkan tədbirinin seçilməsini ədalətsiz hesab etdiklərini vurğuladılar. Vəkil İsaxan Aşurov bildirdi ki, bloqçuların polis tərəfindən pis rəftara məruz qalmaları və barələrində həbs qətimkan-tədbirinin əsassız seçilməsi ilə bağlı Avropa Məhkəməsinə verilmiş şikayət artıq icraata götürülüb.  O, əlavə etdi ki, ədalətli qərar çıxarılmazsa, bu işlə bağlı da müvafiq instansiyaları keçdikdən sonra Avropa Məhkəməsinə müraciət ediləcək.
Adnan Hacızadə çıxışında bildirdi ki, 39-cu polis bölməsində olmaları və xəsarət almaları ilə bağlı sübut kimi Səbail rayon məhkəməsinə təqdim olunmuş fotoşəkillər bu hökmdə nəzərə alınmayıb. O, həmçinin əlavə etdi ki, Səbail rayon məhkəməsində verdikləri vəsatətə əsasən məhkəmə proseslərinin videoçəkilişi məhkəmənin özü tərəfindən aparılsa da, bu çəkilişlər sonradan onlara təqdim olunmayıb. A.Hacızadə vurğuladı ki, bütün bunlar proseslərdə məhkəmə protokolların dəqiq yazılmasına şübhə yaradır. O, çıxarılacaq qərarda bütün bunların nəzərə alınmasını xahiş edib.
Dövlət ittihamçısı Qüdrət Həsənov çıxışında təqsirləndirilən tərəfin apellyasiya məhkəməsinə təqdim etdiyi sübut və dəlillərin əsassız olduğunu bildirib və Səbail rayon məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş edib.
İ.Aşurov və E.Quliyev isə bloqçuların günahsız olduğunu deyərək, Səbail rayon məhkəməsinin hökmünün ləğv olunmasını istəyiblər.
Gənc bloqçuların özləri də məhkəmədən hökmün ləğv olunmasını istəyiblər.
Müşavirədən qayıtdıqdan sonra sədrlik edən hakim Qail Məmmədov Səbail rayon məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərarı elan edib.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarmışdı.

 

Foto:

http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,449/lang,az/

 

Video: http://www.irfs.az/content/view/3560/31/lang,az/

 

 

Previous Post

“AZƏRBAYCANDA İNFORMASİYA AZADLIĞI VƏ MƏLUMAT ƏLDƏ ETMƏK HÜQUQU” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.