
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə martın 17-də imzaladığı əfv fərmanını alqışlayır.
Belə ki, dünən Prezidentin imzaladığı fərmanla 62 məhbus, o cümlədən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid (Zahidov) həbsdən azad edilib. Qənimət Zahid CM- nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində azadlıqdan məhrum edilmişdi. Onun bu ağır cəzaya şərlənərək məhkum edildiyi yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən bəyan edilmişdi.
Bununla belə RATİ “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin və gənc bloggerlər – Emin Milli və Adnan Hacizadənin azadlığa buraxılmamasından öz narahatçılığını ifadə edir. Adları çəkilən şəxslərin həbsdə saxlanılması söz azadlığının vəziyyətinin mənfi qiymətləndirilməsi üçün əsasdır və onların həbsdə olması Azərbaycanın imicinə zərbə vurur.
RATİ Azərbaycan hakimiyyətini söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət edərək, Eynulla Fətullayevi, Emin Milli və Adnan Hacızadəni də dərhal azad etməyə çağırır.