REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə ötən həftənin şənbə və bazar günləri üç dəfə ölkəni tərk etməyə imkan verməyən Dövlət Sərhəd Xidmətini və Baş Prokurorluğu şiddətli şəkildə qınayır. Bu hərəkətlər tamamilə qeyri-qanunidir və Xəlilin əsas hüquqlarının pozulması deməkdir.  

Şənbə günorta saatlarında Xəlil Bakıdakı Heydər Əliyev hava limanından İstanbul Atatürk hava limanına Türkiyədəki qohumlarının yanına uçmalı idi. Onun əsas məqsədi baş verən son hadisələrlə bağlı stressi atmaq və dincəlmək olub, lakin Sərhəd Xidməti jurnalistin Baş Prokurorluqla həll edilməmiş məsələlərinin qaldığını əsas tutaraq onun ölkədən çıxmasına icazə verməyib. Bundan sonra Xəlil Türkiyəyə Gürcüstan vasitəsilə getməyə cəhd göstərib. Mayın 11-i gecə o 500 km yol qət edərək respublikanı Azərbaycanın şimal-qərb rayonları – Zaqatala və Balakən ərazilərindən tərk etməyə çalışıb. Lakin hər iki rayonda Xəlil Dövlət Sərhəd Xidməti tərəfindən eyni əsasa görə sərhəddən buraxılmayıb.
Xəlil RATİ-yə bildirib: “Mənim Azərbaycandan çıxmağa icazənin verilməməsi barədə qərarın arxasında birbaşa hakimiyyət dayanır. Əgər mənə bir şey olsa, məsuliyyət onların üzərində olacaq”. “Hava limanından geri qaytarıldıqdan sonra nə səbəbə uzaq məsafə qət edərək digər sərhəd rayonlarına getdin” sualımızı jurnalist belə cavablandırdı: “hava limanından qaytarıldıqdan sonra mən öyrənmək istəyirdim ki, bu ayrıca təsadüfi haldır, yoxsa mənə qarşı yönəlmiş kütləvi, yüksək səviyyədə olan kampaniyadır. Hər üç halda mən sərhəddən buraxlmamağımın səbəblərini izah edən yazılı sənəd istədim, lakin mənə imtina edildi.  
RATİ qeyd edir ki, Xəlilin ölkədən buraxılmaması üçün heç bir qanuni əsas yoxdur. Bununla Azərbaycan Respublikası Konstitusiyasının “xarici ölkəyə səfər etmək” hüququ da daxil olmaqla azadlıq hüququnu nəzərdə tutan 28-ci maddəsinin 3-cü bəndi və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında
Konvensiya” əlavə edilmiş “Konvensiyada və Birinci Protokolda əks olunmuş hüquqlardan başqa digər hüquq və azadlıqların müdafiəsi” barədə 4-cü Protokolun 2-ci maddəsi – “Yerdəyişmə hüququ”  pozulmuşdur.
Onun prokurorluqla əlaqədar problemləri olduğu iddiasına gəldikdə isə, RATİ qeyd edir ki, bu yalnız Xəlilə qarşı törədilmiş saysız-hesabsız hücumlarla əlaqədar ola bilər. Bütün hallarda Xəlil heç bir hadisə törətməmiş, yalnız hadisənin qurbanı olmuşdur və onun əleyhinə yönəlmiş və həllini gözləyən heç bir cinayət işi yoxdur.
Xəlilin ölkədən buraxılmaması jurnalistə qarşı törədilmiş zorakılıq hərəkətlərindən az sonra baş vermişdir. Fevralın 22-də Xəlil Bakıda “Zeytun Bağları” adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparmaq istəyərkən biri MTN zabiti omaqla iki nəfər tərəfindən döyülmüşdü. O, martın 13-də ürək nahiyəsindən bıçaqlanmış və bundan sonra yerli televiziya kanalında hakimiyyətin “qara piyar” kampaniyasının  hədəfinə çevrilmişdir. Ötən həftənin çərşənbə günü isə Xəlil məlumat verdi ki, “28 May” metro stansiyasında qatar gözləyərkən bir nəfər onu gələn qatarın altına atmağa cəhd edib. Bundan bir az sonra isə küçə ilə gedərkən iki nəfər onu oğurlamaq istəyib.
RATİ Azərbaycan hakimiyyətini Xəlilin ölkədən buraxılmaması ilə bağlı qəbul edilən qeyri-qanuni qərarın dərhal ləğv edilməsi, Xəlilin əsas hüquq və azadlıqlarını pozanlar barəsində cinayət işinin qaldırılması və jurnalistin təhlükəsizliyinin təmin olunması üçün ciddi tədbirlər görməyə çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti Azərbaycanda jurnalistlərın təqib edilməsinə və ümumilikdə  əsas insan haqlarının pozulmasına son qoyulmasını tələb etməyə çağırır. Belə ki, Avropa məkanında belə pozuntular bu cür hadisələrin qarşısını almaq üçün nəzərdə tutulan müqavilələrin, razılaşmaların və konvensiyaların “ələ salınması” deməkdir.

Previous Post

Court on election-monitoring NGO in Azerbaijan

Next Post

ZAHİDOVUN HƏBSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLMƏDƏN QÜVVƏDƏ SAXLANILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.