REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

aprel 6th, 2010
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) jurnalist Elmin Bədəlovun “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı Nəsimi rayon məhkəməsində qaldırdığı iddianın təmin edilməməsindən təəssüflənir və bu qərarı ədalətsiz hesab edir.

Belə ki, “Poliqon” İnformasiya Agentliyinin redaktoru E.Bədəlov 12 noyabr 2009-cu il tarixdə təhsil aldığı ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra ali məktəbdə təzyiqlərlə üzləşdiyini bildirib. 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunan Elmin Bədəlov imtahanlardan qərəzlə kəsildiyini iddia edərək, “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı məhkəməyə müraciət edib. Dünən (05 aprel) Nəsimi rayon məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarıb.
RATİ bir daha xatırladır ki, tələbə-jurnalist Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir.
RATİ Elmin Bədəlovun fikirlərini azad ifadə etdiyinə görə təzyiqə məruz qaldığını hesab edir və yuxarı məhkəmə instansiyalarını bu qərarı ləğv etməyə çağırır.