REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (26 aprel) “Azadlıq” blokunun keçirdiyi etiraz aksiyasında polislərin və mülki geyimli şəxslərin jurnalistlərə qarşı fiziki zor tətbiq etməsini qətiyyətlə pisləyir və bunu söz azadlığına təzyiq kimi qiymətləndirir.

 Belə  ki, sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq “Azadlıq” blokunun Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi etiraz aksiya zamanı jurnalistlər polisin və özlərini təqdim etməyən mülki geyimli şəxslərin (həmin şəxslərin əksəriyyəti polis işçiləridir) fiziki təzyiqinə məruz qalıblar və jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər.

RATİ  bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması  jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.

RATİ qeyd edir ki, həm jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, həm də ona qarşı fiziki təzyiq faktı cinayət əməli olduğuna görə, bu əməli törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.  

RATİ  Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını  beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır. 

Previous Post

POLİS JURNALİSTLƏRƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİB

Next Post

AZADLIQ BLOKUNUN KEÇİRDİYİ ETİRAZ AKSİYASI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.