POLİS JURNALİSTLƏRƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİB

Bu gün (26 aprel) “Azadlıq” blokunun “İçərişəhər” metrostansiyasının qarşısında keçirdiyi etiraz aksiya zamanı jurnalistlər polisin və özlərini təqdim etməyən mülki geyimli şəxslərin fiziki təzyiqinə məruz qalıblar.

Polislər və mülki geyimli şəxslər aksiya iştirakçıları ilə yanaşı jurnalistlərə qarşı da zor tətbiq ediblər və onlara peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər. Təzyiqə məruz qalan  jurnalistlərin sırasında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov da olub. Polis nəfəri onu itələyib və videokamerasına zərbə endirib. Nəticədə kameranın mikrofonu qırılıb. Daha sonra isə mülki geyimli şəxslərdən birinin təpiklə zərbə vurması nəticəsində M.Hüseynovun ayağı əzilib.

Qeyd edək ki, jurnalistlərə və aksiya iştirakçılarına təzyiq edən mülki geyimli  şəxslər özlərini “vətəndaş” kimi təqdim etsələr də, onların Daxili İşlər Nazirliyi (DİN) sistemində çalışdıqları məlumdur. Belə ki, onların bəziləri digər aksiyalarda polis geyimində də iştirak ediblər.

Jurnalist Əfqan Muxtarlı da RATİ-yə bildirib ki, aksiya başlamamışdan əvvəl – saat 11.30-da “Sabir Bağı”nın qarşısında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Nurəddin Məmmədlinin polislər tərəfindən saxlanılmasını çəkərkən, polislər ona da fiziki təzyiq göstərərək, fotoaparatını sındırıblar. Onu polis maşınında apararaq, Lökbatan qəsəbəsində sərbəst buraxıblar.

 
Sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq Bakı Şəhər  İcra Hakimiyyətinin qarşısında keçirilməsinə cəhd göstərilən bu aksiyada “Azadlıq” blokuna daxil olan AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyalarının 50-dən çox funksioneri saxlanılıb. Onlar polis maşınları və əvvəlcədən gətirilmiş avtobuslarla naməlum istiqamətlərə aparılıblar. Hadisə yerində olan Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılan şəxslərin heç biri polis bölməsinə aparılmır və ərazidən uzaqlaşdırıldıqdan sonra sərbəst buraxılırlar.

Ancaq təxminən 30 nəfər Səbail rayon 8-ci polis bölməsində saxlanılıb. Axşam saatlarında isə məlum olub ki, həmin şəxslərdən 10 nəfərinin işi məhkəməyə verilib. Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov “Azadlıq” radiosuna bildirib ki, 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib olunub və məhkəməyə göndərilib.

Previous Post

EYNULLA FƏTULLAYEV MƏHKƏMƏDƏ İFADƏ VERİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.