REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (30 aprel) Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qarşında gənclərin keçirdikləri  etiraz aksiyasında polislər və mülki geyimli şəxslərin jurnalistlərə təzyiq göstərərək, onların peşə fəaliyyətinə mane olmasını qətiyyətlə pisləyir və bunu söz azadlığına təzyiq kimi qiymətləndirir.

Belə ki, 2009-cu il aprelin 30-da ADNA-da törədilmiş terrorun qurbanlarını yad etmək istəyən gənclərin etiraz aksiyasının qarşısını amansızcasına alan polislər və polis olduqları halda mülki geyimdə olan şəxslər jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə imkan verməyiblər. Həmin şəxslər bəzi jurnalistlərə qarşı fiziki zor da tətbiq ediblər.
RATİ aprelin 14-də və 26-da keçirilən aksiyalarda da jurnalistlərin eyni qaydada təzyiqə məruz qalmalarını xatırladır və bu kimi halların artmasından narahat olduğunu bildirir.
RATİ bütün bu halları hüquq pozuntusu kimi qiymətləndirir və bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin hadisə yerindən reportaj hazırlamasına və video-foto çəkiliş aparmasına mane olunması jurnalistlərin sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır.
RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.  

Previous Post

GƏNCLƏRİN KEÇİRDİYİ AKSİYADA MÜLKİ GEYİMLİ POLİSLƏR JURNALİSTLƏRƏ TƏZYİQ GÖSTƏRİB

Next Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİNİN DİNDİRİLMƏSİ BAŞA ÇATIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.