GƏNCLƏRİN KEÇİRDİYİ AKSİYADA MÜLKİ GEYİMLİ POLİSLƏR JURNALİSTLƏRƏ TƏZYİQ GÖSTƏRİB

Bu gün (30 aprel) Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) qarşında gənclərin keçirdikləri  etiraz aksiyasının qarşısı polis tərəfindən alınarkən, media nümayəndələri də təzyiqlə üzləşiblər.

Mülki geyimdə olsalar da, polis olduqları məlum olan şəxslər jurnalistlərə foto və video çəkiliş aparmağa mane olub, həmçinin onlara qarşı fiziki təzyiq göstərib. Özlərini “vətəndaş” kimi təqdim edən bu şəxslər jurnalistlərə qarşı kobudluq edərək, onlara peşə fəaliyyətlərini yerinə yetirməyə imkan verməyiblər. Həmçinin bir neçə media nümayəndəsi də polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, gənclər 2009-cu il aprelin 30-da ADNA-da törədilmiş terrorun qurbanlarını yad etmək istəyiblər. Bunun üçün ADNA-nın binasına yaxınlaşan gənclərə polislər və mülki geyimli şəxslər mane olub və onları zorla avtobuslara sürüyərək naməlum istiqamətə aparıblar. Səhər saatlarından ərazini mühasirədə saxlayan polislər “Azadlıq” prospektini bağlayıb, həmçinin mülki vətəndaşların da hərəkətinə məhdudiyyət qoyub.
Aksiya təxminən 2 saat davam edib. Bu vaxt ərzində “28 May”  metrostansiyasının ətrafı tamamilə polislər tərəfindən mühasirəyə alınıb. Polis orada olan vətəndaşları da zorla ərazidən uzaqlaşdırıb. Bir neçə dəfə gənclər gözlənilmədən müxtəlif istiqamətlərdən hərəkət edərək “Terrora yox!” şüarı səsləndirsələr də polislər onları da zorla ərazidən uzaqlaşdırıb. Polislər və mülki geyimli şəxslər aksiyada iştirak edən gənc fəalları,  gənclər təşkilatlarının üzvlərini və hüquq müdafiəçilərini də həbs ediblər. Onlar əvvəlcədən gətirilmiş avtobuslarla Nəsimi rayon polis idarəsinə və 22-ci polis bölməsinə aparıblar. “Səməd Vurğun” bağı istiqamətində hərəkət edərkən Azərbaycan Respublikasının dövlət himnini oxuyan bir qrup gənc də eyni aqibətlə üzləşib.
Hadisə yerində olan Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini general-mayor Yaşar Əliyev jurnalistlərə açıqlama verməyib.
Aksiyada təxminən 100-dək adam saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Media forum” saytına açıqlamasında deyib ki, 10 nəfərin işi məhkəməyə göndərilib və həmin şəxslər cərimə oluna və ya inzibati həbs cəzası ala bilərlər.
Xatırladaq ki, 2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov səhər saat 9:30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının 2-ci tədris binasına daxil olaraq, “Makarov” tipli tapança ilə birinci mərtəbədən altıncı mərtəbəyədək qalxıb və qarşısına çıxanları güllələyib. Nəticədə 12 nəfəri ölüb, 15 nəfəri yaralanıb. Hadisə yerindən Fərda Qədirovun özünün də meyiti tapılıb. Onun özünə qəsd etdiyi bildirilir.
 
Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ İTTİHAM TƏRƏFİNİN ŞAHİDLƏRİNİN DİNDİRİLMƏSİ BAŞA ÇATIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.