Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) norveçli jurnalist Erlinq Borgen və onun operatoru Daq İnge Dahlın dünən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında təhlükəsizlik heyəti tərəfindən kobud davranışa məruz qalmasını və çəkdikləri video-foto görüntülərin silinməsini pisləyir və bunu iqtidarın söz azadlığına qəsdi kimi qiymətləndirir.
RATİ xatırladır ki, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynova və Azərbaycanda söz azadlığına həsr edilmiş “Statoylun kölgəsində” filminin müəllifi olan Borgen hazırda “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə həsr edilmiş film üzərində çalışır.
RATİ hesab edir ki, norveçli jurnalistə qarşı atılmış bu addım Azərbaycan iqtidarının söz azadlığının qənimi olmasını bir daha sübut edir. Bu fakt bir daha göstərir ki, Avropa Məhkəməsi tərəfindən barəsində bəraət qərarı çıxmış Eynulla Fətullayevi hakimiyyət nəinki azadlığa buraxmaq, hətta onunla bağlı çəkiləcək sənədli filmin işıq üzü görməsini belə istəmir.
RATİ Azərbaycan hakimiyyətini baş vermiş hadisəyə görə jurnalistdən üzr istəməyə və bu əmələ yol vermiş şəxsləri cəzalandırmağa çağırır.