FƏTULLAYEVİN MƏHKƏMƏ PROSESİNDƏ ŞAHİDLƏR DİNDİRİLİB

Bu gün (07 may) Qaradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E. Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

Proses zamanı Fətullayevin üzərindən narkotik maddənin tapıldığı gün axtarışa hal şahidi kimi cəlb edilmiş məhkumlar – Dostiyev Taleh və Bəşirov Ağasəf, üzərində axtarış aparılmış məhkum İlqar Zeynalov, o cümlədən 12 saylı Cəzaçəkmə Müəssisəinin əməliyyat rejimi işləri üzrə rəis müavini Aydın Abbasov şahid kimi dindiriliblər.
 
T.Dostiyev Fətullayevin axtarışa etirazının olduğunu, vəkilinə və  ailə üzvlərinə zəng etmək üçün müraciət etdiyini bildirdi. “Həmin otaqdan zəng etmək imkanı var idimi?” sualına cavabında Dostiyev axtarış aparılan otaqda zəng etmək üçün imkanının olmadığını dedi. “Gecə yatarkən paltarları oğurlamaq mümkündürmü? – sualına isə şahid “bəli” cavabını verib.

Ağasəf Bəşirovun istintaqa verdiyi ifadəsi əlyazma deyil, çap formasında olduğundan vəkil İsaxan Aşurov bu izahatın Bəşirovun özü tərəfindən yazılıb-yazılmadığını soruşdu. Bəşirov izahatı özünün yazdığını desə də, onun niyə əlyazma formasında deyil, çap formasında olduğunu izah edə bilmədi.

Fətullayevlə eyni barakda qalan məhkum İ.Zeynalov axtarış zamanı digər məhkum Şəmsiyevin üzərindən narkotik maddənin tapılmasından sonra həyəcana düşdüyünü və onun da üzərindən xəbəri olmadan narkotik maddənin aşkarlana biləcəyini vurğuladı.

Rəis müavini A.Abbasov axtarış barədə qərarın dekabr ayının 28-də tərtib olunmasına baxmayaraq, axtarışın hansı səbəbdən 29-da aparılmasını izah edə bilmədi. Vəkil Aşurov axtarışın aparılması üçün məhkəmə qərarının niyə alınmadığını soruşduqda, Abbasov bu tədbirin təxirəsalınmaz və zəruri olduğunu əsas gətirərək, məhkəmə qərarının alınmadığını bildirdi. Bununla belə, zəruri və təxirəsalınmaz tədbir kimi qeyd edilən axtarış bir gün gecikmə ilə aparılıb. Abbasov narkotik maddələrin tapılması ilə əlaqədar daxili təhqiqatın aparılmadığını bildirib.

 
Proses zamanı Aşurov vəsatətlə də çıxış edib. Vəkil vəsatətlə 2009-cu ilin iyun ayında üzərindən narkotik maddə  aşkar edilmiş 12 saylı Cəzaçəkmə Müəssisəsində  cəzaçəkən məhkum Rüstəm Ağayevin cinayət işinin və Fətullayevlə  bir gündə üzərindən şəxsi istehlak miqdarından az narkotik maddənin tapılan Şahin Şəmsiyevin inzibati işinin tərəflərə təqdim olunması, eyni zamanda Cəzaçəkmə Müəssisəsinə baxışın keçirilməsi xahiş edib. Hakim adları çəkilən şəxslərin müvafiq olaraq cinayət və inzibati işlərinin Qaradağ Rayon Məhkəməsində olduğunu və onların tərəflərə təqdim ediləcəyini bilirdi. Vəsatətin Cəzaçəkmə Müəssisəsinə baxışla bağlı hissəsi isə baxılmamış saxlanıldı.

Növbəti proses 14 may saat 11.00-a təyin edildi.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Previous Post

AZƏRBAYCAN HAVA LİMANININ ƏMƏKDAŞLARI NORVEÇLİ JURNALİSTİN ÇƏKİLİŞLƏRİNİ SİLİBLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.