REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azad Azərbaycan” telekanalının çəkiliş qrupunun peşə fəaliyyətinə mane olunmasını, həmçinin kanalın operatorunun fiziki təzyiqə məruz qalmasını qətiyyətlə pisləyir və bunu mediaya qarşı təzyiq kimi qiymətləndirir.

Belə ki, bu gün (01 iyul) Yasamal Rayon Hərbi Komissarlığından hərbi çağırışla bağlı reportaj hazırlamaq istəyən telekanal əməkdaşlarına – müxbir Zaur Zahidoğluna və operator Ramin Şahbazova çəkiliş aparmağa icazə verilməyib və hərbi komissarlığın səlahiyyətlisi operatora fiziki təzyiq göstərib.

 

RATİ bəyan edir ki, qanuni peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi ilə ziddiyyət təşkil edir.

 

Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. Bundan əlavə bu əməl  Cinayət Məcəllənin 309.2-ci maddəsi (fiziki zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) ilə cinayət məsuliyyəti yaradır.

 

RATİ qeyd edir ki, jurnalistin qanuni peşə fəaliyyətinə mane olma, ona qarşı fiziki təzyiq, xüsusilə də vəzifə səlahiyyətlərini aşmaqla zor tətbiq etmə faktı cinayət əməli olduğuna görə, bu əməli törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.  

 

RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin  jurnalistlərə təzyiq göstərmiş şəxsləri cəzalandırmağa çağırır.  

 

Previous Post

“AZAD AZƏRBAYCAN” TELEVİZİYASININ MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.