REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün (06 iyul)  “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin 2 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı çıxarılmış hökmü pisləyir və bu hökmün Azərbaycan hakimiyyətinin siyasi sifarişi əsasında çıxarıldığını hesab edir.

Belə ki, 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı jurnalistə qarşı Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılmışdı. İşə baxan Qaradağ rayon məhkəməsi bu gün jurnalistə 2 il 6 ay müddətinə azadlıqdan mərhum edilmə cəzasının verilməsi barədə hökm çıxarıb.

 

RATİ xatırladır ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də diffamasiya maddələri ilə həbs olunduqdan sonra, jurnalistə qarşı Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 213.2.2-ci (vergidən yayınma) maddələri üzrə ittiham irəli sürülüb və 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi aprelin 22-də Eynulla Fətullayevin dərhal azadlığa buraxılmalı və Azərbaycan dövlətinin ona 27 min 822  avro məbləğində təzminat ödəməli olduğu barədə qərarını açıqlayıb.

 

RATİ Eynulla Fətullayevə qarşı irəli sürülmüş narkotik saxlama ittihamını Avropa Məhkəməsinin qərarının qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat kimi qiymətləndirir və bu cinayət işinin saxta olduğunu bir daha bəyan edir.

 

RATİ bu iş üzrə keçirilən məhkəmə proseslərinin monitorinqini aparmış və irəli sürülmüş ittihamların saxta olması qənaətinə bir daha əmin olmuşdur. Belə ki, ittiham tərəfinin şahidlərinin verdiyi ziddiyyətli ifadələr, Fətullayevə qarşı irəli sürülən ittihamın sübuta yetirlməməsi və işin gedişatında ortaya çıxan qanunazidd hərəkətlər cinayət işinin təxribat planı olduğunu bir daha sübut etmişdir.

 

RATİ hesab edir ki, E.Fətullayevə qarşı bu təxribat planı da əvvəlki həbsi kimi onun jurnalist fəaliyyəti və həmkarı – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı apardığı araşdırmalarla bağlıdır. Belə ki, araşdırmalarının nəticəsi olaraq Fətullayev bu qətlin arxasında xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurlarının durduğunu bəyan etmişdir. Həmçinin baş vermiş narkotik təxribatından bir neçə gün əvvəl cəza çəkdiyi cəzaçəkmə müəssisəsində Milli Təhlükəsizlik Nazirliyinin zabitlərini gördüyünü məhkəmədə deyən Eynulla Fətullayev, bu təxribatın  da xüsusi xidmət orqanları tərəfindən təşkil olunduğunu vurğulamışdı.

 

RATİ Azərbaycan hakimiyyətinin yerli və beynəlxalq ictimaiyyət tərəfindən vicdan məhbusu kimi tanınan Eynulla Fətullayevə qarşı saxta ittiham əsasında çıxarılmış hökmü ləğv etməyə çağırır.

 

RATİ həmçinin Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin qərarına əməl edərək, Eynulla Fətullayevi dərhal azad etməyə çağırır.

 

Previous Post

EYNULLA FƏTULLAYEVƏ 2 İL 6 AY AZADLIQDAN MƏHRUMETMƏ CƏZASI VERİLMƏSİ BARƏDƏ HÖKM OXUNUB

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 06.07.2010

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.