Bu gün (06 iyul) Qaradağ Rayon Məhkəməsində hakim İsmayıl Xəlilov “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmənin hökmünü elan edib.
Hökmə əsasən, Eynulla Fətullayev Cuinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işinə Qaradağ rayon məhkəməsində baxılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarının qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndiblər.
Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Azərbaycan hakimiyyəti qərarla razılaşmadığını və Avropa Məhkəməsinin Yuxarı Palatasına şikayət etdiyini bildirir.
Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.
2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.
Qeyd edək ki, 2005-ci ildən Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.