REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Media Hüququ İnstitutunun (MHİ) proqram koordinatoru Xalid Ağəliyevin bu gün (21 iyul) Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılmasından narahatlıq keçirdiyini bəyan edir və bunu müstəqil Qeyri Hökumət Təşkilatına (QHT) mənəvi təzyiq kimi qiymətləndirir. 

Belə ki, Xalid Ağəliyev MHİ-nin dünən yaydığı 2010-cu ildə Azərbaycanda medianın hüquqi durumu – Yarımillik Hesabatla bağlı olaraq BŞBPİ-nə çağırılıb və idarənin rəis müavini Yaşar Əliyev, həmçinin Bakı Şəhər Prokurorunun müavini Fazil Həsənəliyevin iştirak etdiyi görüşdə ondan hesabatda jurnalistlərə təzyiq halları ilə bağlı statistik məlumatlarla bağlı suallar verilib. Həmçinin ona bu cür hesabatları hazırlayarkən Azərbaycanın imicinə ziyan vurmamaq üçün ehtiyatlı olmağı tövsiyə ediblər. Görüşdə Ağəliyevlə söhbət edən hüquq-mühafizə orqanlarının adıçəkilən yüksək çinli rəsmiləri bildiriblər ki, görüşün məqsədi həm də hesabatda əksinin tapmış jurnalistlərə qarşı fiziki təzyiqlərin araşdırılmasıdır.

 

    Lakin RATİ hesab edir ki, Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun mandatına QHT ilə hər hansı bir məsələnin müzakirəsini aparmaq uyğun deyil. Qeyd edək ki, bu tip hesabatlar (aylıq, rüblük, yarımillik və illik) Media Hüququ İnstitutu və digər jurnalist təşkilatları (o cümlədən RATİ) tərəfindən mütəmadi ictimaiyyətə açıqlanmaqdadır. Ancaq heç bir zaman Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu bu hesabatlara reaksiya verərək, təzyiq faktlarını araşdırmamışdır.

 

    RATİ hesab edir ki, Xalid Ağəliyevin çağırılmasında məqsəd həqiqətən də təzyiq faktlarınmı araşdırmaq olsaydı, o zaman bu görüş Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun rəsmiləri ilə baş tutmalı idi. Çünki bu tip hesabatlarda təkcə Bakı şəhəri ərazisində yox, ümumrespublika ərazisində baş vermiş hadisələr də əksini tapır.

 

    RATİ həmçinin hesab edir ki, QHT-lər tərəfindən hazırlanan hesabatların ölkənin imicinə xələl gətirib-gətirməməsi ilə bağlı hüquq-mühafizə orqanlarının “narahatçılığı” anlaşılan deyil. Ən azından ona görə ki, Azərbaycanın beynəlxalq imicinə görə ilk növbədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası Milli Məclis kimi müvafiq qurumlar narahat ola bilər.

 

    Eyni Zamanda RATİ onu da vurğulayır ki, Yaşar Əliyev kimi yüksək çinli polis zabitinin QHT nümayəndəsi ilə jurnalistlərin fiziki təzyiqə məruz qalması ilə bağlı fikir mübadiləsi aparmağa mənəvi haqqı yoxdur. Çünki Yaşar Əliyev 2003-cü ildə peşə fəaliyyətini yerinə yetirən 2 jurnalistə qarşı şəxsən  fiziki zor tətbiq etmiş və tabeçiliyində olan polis əməkdaşlarına digər bir neçə jurnalistə fiziki güc tətbiq etmək barəsində qeyri-qanuni tapşırıq vermişdi.

 

    MHİ-nin hazırladığı hesabatın doğruluğuna şübhə etməyən RATİ, mediaya və KİV nümayəndələrinə qarşı təzyiqləri ictimaiyyət açıqladığına görə MHİ-nin proqram koordinatorunun polisə çağırılmasını parlament seçkilər öncəsi müstəqil QHT-lərdə xof yaratmaq məqsədi daşıdığını hesab edir və Azərbaycan hakimiyyətini bu kimi addımlara son qoymağa çağırır.

 

    Əgər Azərbaycan hakimiyyəti həqiqətən də  jurnalistlərə qarşı təzyiq faktlarını araşdırmaq və ümumilikdə söz azadlığı sahəsində vəziyyəti yaxşılaşdırmaqda maraqlıdırsa, RATİ hökuməti bir neçə müvafiq dövlət qurumlarının nümayəndələrindən, həmçinin KİV və jurnalist təşkilatlarından ibarət İşçi  Qrupu yaratmağa çağırır. Həmin qrup daxilində sağlam dialoq prinsiplərinə əsaslanan fikir mübadilələrinin aparıla və ifadə azadlığı sahəsində pisləşmiş mühitin yaxşılığa doğru çıxış yolları tapıla bilər.

 

    RATİ Azərbaycanın QHT-si ilə yerli və beynəlxalq ictimaiyyəti bu narahatedici məsələyə operativ reaksiya verməyə və mümkün qədər diqqətdə saxlamağa çağırır.

 

Previous Post

MEDİA HÜQUQU İNSTİTUTUNUN PROQRAM KOORDİNATORU BAŞ POLİS İDARƏSİNƏ ÇAĞIRILIB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.