Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli Yol” qəzetinin, həmçinin pia.az saytının redaktor müavini Anar Gəraylının peşə fəaliyyətini yerinə yetirərkən fiziki təzyiqə məruz qalmasını pisləyir və bunu mediaya qarşı növbəti qəsd kimi qiymətləndirir.
Belə ki, jurnalistlər bildiriblər ki, Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən nəqliyyat naziri Ziya Məmmədovun imarətini çəkdiklərinə görə, onun adamları tərəfindən döyülərək xəsarət alıblar və “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib.
RATİ bəyan edir ki, peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrinin işinə mane olmaq sərbəst informasiya toplamaq və yaymaq hüququnun pozulmasıdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi (məlumat azadlığı), İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsi və ''Məlumat azadlığı haqqında'' Azərbaycan Respublikasının Qanununun 1-ci (hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır) maddəsi ilə ziddiyyət təşkil edir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. RATİ qeyd edir ki, fiziki zor tətbiq etməklə xəsarət yetirmə və jurnalistin qanuni peşə fəaliyyətinə mane olma cinayət əməli sayıldığına görə, bu əməlləri törətmiş şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmalıdırlar.
RATİ Azərbaycan hakimiyyətini və hüquq-mühafizə orqanlarını beynəlxalq və yerli qanunlara hörmətlə yanaşaraq, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə şərait yaratmağa, həmçinin jurnalistlərə təzyiq göstərmiş və xəsarət yetirmiş şəxsləri cəzalandırmağa çağırır.