JURNALİSTLƏR FİZİKİ TƏZYİQƏ MƏRUZ QALIBLAR

Dünən (28 iyul) “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlov və “Milli Yol” qəzetinin, həmçinin pia.az saytının redaktor müavini Anar Gəraylı Mərdəkanda varlılar məhəlləsindən reportaj hazırlayarkən fiziki təzyiqə məruz qalıblar və “Yeni Müsavat” qəzetinin redaksiyasına məxsus fotoaparat zədələnib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistlərin özləri məlumat veriblər.

 

    Zərərçəkmişlərin bildiriblər ki, “Binə” ticarət mərkəzinin direktoru Kəbirə Məmmədovanın olduğu bildirilən villa və obyektlərin şəkillərini çəkən zaman diqqətlərini yaxınlıqda olan dəbdəbəli imarət çəkib. İmarətin şəklini çəkən zaman qara rəngli “CİP” (JEEP) markalı avtomobildən düşən idmançı görkəmli şəxs onları zorla maşına mindirməyə çalışıb. Az sonra gələn başqa bir maşından da 4-5 idmançı görkəmli şəxs düşərək onları döyməyə başlayıb. “Məni ayaqlarımdan tutub bir neçə dəfə başım üstə yerə çırpdılar. Sonra şəklini çəkdiyimiz imarətə aparıb bizi orada döyməyə başladılar” – deyə Elmin Bədəlov bildirib.

 

    “Jurnalist olduğumuzu biləndən sonra telefonla kiməsə xəbər verdilər. Telefonlarımızı alıb söndürdülər və 3 saata yaxın bizi saxladılar və dedilər ki, qoy Ziya Məmmədovun qaynı gəlsin, sizin məsələnizə baxarıq. Bir qədər sonra özünü ev sahibi kimi təqdim edən bir nəfər gəldi və bizi sorğu-sual edib telefonlarımızı qaytardı. İmarəti qanunsuz çəkdiyimizi və burada terror və ya hər-hansı bir hadisə baş verərsə məsuliyyət daşıyacağımızı deyərək, bizi 6 ay nəzarətdə saxlayacaqlarını, telefonlarımızın dinlənəcəyini vurğuladı. Həmçinin dedi ki, heç yerə şikayət etməyin” – deyən Anar Gəraylı əlavə etdi ki, fotoaparatın yaddaşında olan şəkilləri silməklə yanaşı, kartı da sındırıblar.    

 

    E.Bədəlov RATİ-yə onu da deyib ki, “Yeni Müsavat” qəzetinin rəhbərliyi olayla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə, mətbuat bölümünün rəhbərliyinə məlumat verib. Həmçinin dünən axşam saatlarında redaksiyaya təcili yardım maşını çağırılıb və ona ilkin tibbi yardım göstərilib.

 

    Qeyd edək ki, hər iki jurnalistin üzündə və bədənlərinin müxtəlif hissələrində xəsarətlər görünürdü.

 

    Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidməti Ehsan Zahidov RATİ-yə bildirib ki, hadisə ilə bağlı onlara telefon vasitəsilə şifahi məlumat daxil olub. “Ancaq yaxşı olar məsələnin araşdırılması üçün özlərini zərərçəkmiş hesab edən həmin şəxslər aidiyyəti üzrə Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etsinlər” – deyə DİN rəsmisi vurğuladı. Hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verildiyini bildirdik. Zahidov qeyd etdi ki, 102 xidmətinə daxil olan bütün müraciətlərə nazirlik tərəfindən nəzarət edilir və araşdırıldıqdan sonra lazımi hüquqi qiymət verilir. O əlavə etdi ki, araşdırmanın nəticələri ilə bağlı müraciət sahiblərinə də müvafiq məlumatlar verilir.

 

    Bu gün (29 iyul) bir qrup  KİV və hüquq müdafiə təşkilatlarının, o cümlədən RATİ-nin nümayəndələri  jurnalistlərin döyüldüyü əraziyə baxış keçirib.

Hadisə yerində olan KİV və  hüquq müdafiə təşkilatı nümayəndələri də  təzyiqlə üzləşiblər. Qısa zamanda hadisə yerinə toplaşan çoxsaylı idmançı cüssəli şəxs jurnalistlərin ərazidə çəkiliş aparmağına mane olub və jurnalistləri hədələyiblər. 5-10 dəqiqədən sonra isə həmin dəstəyə rəhbərlik edən şəxs telefonunu hadisə yerində olan “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxana verərək, ev sahibinin onunla danışmaq istədiyini bildirdi. Özünü biznesmen  Elçin kimi təqdim edən həmin şəxs  jurnalistlərin guya döyülmədiyini sübut etməyə cəhd edib.

 

Foto: http://www.flickr.com/photos/irfs/  

Previous Post

2010-CU İLİN İLK 6 AYI ƏRZİNDƏ APARILAN TELEVİZİYA MONİTORİNQİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.