Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Ali Məhkəmənin bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadə həbsdə saxlanılması barədə qərarından narahatdır.
Bu gün Ali Məhkəmə bloggerlərin azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrin çıxardığı qərarları qüvvədə saxlayaraq kassasiya şikayətini rədd edib.
RATİ hesab edir ki, bu qərar bir daha bloggerlərin siyasi sifariş əsasında həbs edildiyini göstərir və bu siyasi sifariş dəyişməyib. Hakimiyyət onu tənqid edən “Eşşəklə (Esel Heinz) müsahibə” adlı videorolikə görə saxta xuliqanlıq ittihamı ilə bloggerlərdən qisas almaqda davam edir. Belə ki, bloggerlərin xuliqanlıq etdiyini göstərən heç bir sübut olmadığı halda, onların özlərinin döyüldüyünü və buna görə də polisə müraciət etdiyini göstərən fotolar mövcuddur. Bloggerlərin həbsi zamanı onlara ilkin yardım göstərilməmiş və istədikləri vəkillə təmin edilməmişlər. Hadisə zamanı zərərçəkmiş kimi tanınan Babək Hüseynov və Vüsal Məmmədov məhkəmə proseslərinə qatılmaqdan yayınıblar və məhkəmələr onların proseslərə qatılmasını təmin etməyiblər. Bloggerlərdən biri Adnan Hacızadənin cəzasının yarısını çəkdiyi üçün vaxtından əvvəl azad olunması barədə qaldırdığı iddia məhkəmə tərəfindən gülünc əsaslarla təmin olunmayıb.
RATİ Azərbaycan hakimiyyətindən bloggerlərin, o cümlədən digər vicdan məhbusu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevi dərhal azad edilməsini tələb edir. RATİ beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətinin söz və ifadə azadlığına göstərdiyi bu münasibəti qınamağa çağırır.