Avqustun 19-da Ali Məhkəmənin sədri Əli Seyfəliyevin sədrliyi ilə gənc bloggerlər Emin Milli (Abdullayev) və Adnan Hacızadənin azadlıqdan məhrum edilmələri ilə bağlı qərardan verilən kassasiya şikayət üzrə proses keçirilib.
Prosesdə bloggerlərin vəkilləri İsaxan Aşurov və Elton Quliyev, dövlət ittihamçısı Mehbalı Qurbanov, eyni zamanda jurnalistlər, müşahidəçilər və diplomatik korpus nümayəndələri iştirak edirdilər.
Bloggerlərin vəkilləri aşağı instansiya məhkəmələrinin çıxardığı qərarların əsassız olması ilə bağlı çıxış etdilər, onlar qərarlar çıxarılarkən müdafiə tərəfinin təqdim etdiyi sübutların, bloggerlərin şəxsiyyətlərinin və ailə vəziyyətlərinin nəzərə alınmadığını vurğuladılar. Vəkillər aşağı məhkəmələrin qərarlarının ləğv edilməsi və bu qərarları çıxarmış hakimlər barəsində xüsusi qərardadın çıxarılması barədə qərarın verilməsini xahiş etdilər.
Dövlət ittihamçısı Mehbalı Qurbanov isə şikayətin əsassız olduğunu və çıxarılmış qərarların qüvvədə saxlanılmasını xahiş etdi. Habelə o çıxışı zamanı maraqlı açıqlama da verdi: “Bunların həbsi zamanı hər şey qaydasında gedirdi. Sonradan Adnan Hacızadənin atasına zəng etməsi və onun da öz növbəsində vəkil İsaxan Aşurova zəng eləməsi işi siyasiləşdirdi”, – deyə o bildirib.
Hakim qərarın çıxarılması üçün müşavirəyə getdiyini və qərarın bir neçə saatdan sonra elan ediləcəyini bildirdi. Müşavirədən qayıdan hakim verilən şikayətin təmin edilməməyi və bloggerlərin həbsdə saxlanılması haqqında hökmün qüvvədə qalmasını elan etdi.
Prosesdən sonra vəkil İsaxan Aşurov jurnalistlərə açıqlamasında bildirdi ki, bloggerlərin işi ilə bağlı tezliklə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.
Xatırladaq ki, Adnan Hacızadə və Emin Milli 08 iyul 2009-cu il tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.