REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Komanda” qəzetinin əməkdaşı, idman yazarı Rəsul Şükürsoyun bıçaqlanması hadisəsini qətiyyətlə pisləyir və bu faktı söz azadlığına təzyiq kimi qiymətləndirir. 

Belə ki, dünən saat 23:00 radələrində evinə gedərkən Binəqədi rayonu ərazisində naməlum şəxs tərəfindən bıçaqlanaraq, qolundan xəsarət alan Rəsul Şükürov peşə fəaliyyəti ilə bağlı təzyiqə məruz qaldığını bildirir.

RATİ xatırladır ki,  avqustun 22-də də bu qəzetin redaksiyasında insident baş vermiş və redaksiya heyəti futbolçu Mahmud Qurbanovun redaksiyaya basqın edərək, baş redaktora xəsarət yetirməsi və redaksiya avadanlığına ziyan vurması ilə bağlı məlumat vermişdilər. Mahmud Qurbanov isə həmin vaxt RATİ-yə açıqlamasında bildirib ki, redaksiyada konflikt yaransa da, heç kimə xəsarət yetirməyib.

RATİ hüquq mühafizə orqanlarını baş vermiş hadisəni araşdırmağa və günahkarların aşkar olunaraq cəzalandırılmasına çağırır.

RATİ bəyan edir ki, yazısına görə jurnalistin təzyiqə məruz qalması Azərbaycan Respublikasının Konstitusiyasının 47-ci (fikir və söz azadlığı) və 50-ci maddələri (məlumat azadlığı) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu (İfadə Azadlığı) maddəsinə ziddir. Həmçinin jurnalistin peşə fəaliyyətinə mane olma Azərbaycanın Respublikasının Cinayət Məcəlləsinin 163-cü maddəsi (jurnalistin peşə fəaliyyətinə müdaxilə) ilə də cinayət məsuliyyəti yaradır. Bundan başqa, jurnalistə qarşı fiziki təzyiq göstərərək, ona bıçaqla xəsarət yetirmiş şəxsə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmalıdır.

RATİ hüquq-mühafizə orqanlarını jurnalistə qarşı baş vermiş cinayət əməllərini  araşdırmağa, xəsarət yetirmiş şəxsi taparaq məsuliyyətə cəlb etməyə çağırır.

Previous Post

“KOMANDA” QƏZETİNİN ƏMƏKDAŞI BIÇAQLANIB

Next Post

SABİRABAD RAYON POLAD TOQAY KƏND SAKİNİ, QARABAĞ MÜHARİBƏSİ VETERANI QƏŞƏM İSAYEV VƏ KÜR VƏTƏNDAŞI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.