“KOMANDA” QƏZETİNİN ƏMƏKDAŞI BIÇAQLANIB

Dünən (30 avqust) saat 23:00 radələrində “Komanda” qəzetinin əməkdaşı, idman yazarı Rəsul Şükürsoy bıçaqlanıb. Jurnalist Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, dünən Binəqədi rayonunda “Mərkəz” adlanan ərazidə avtobusdan düşərək öz evinə tərəf addımlayan zaman arxasınca kiminsə gəldiyini hiss edib.

“Evə çatmağıma 700-800 metr qalmış həmin şəxsin mənə tam çatdığını hiss etdim və ona tərəf dönən kimi mənə əlindəki bıçaqla ürək nahiyəmə tərəf zərbə atdı. Cəld hərəkət edərək yayındığım üçün zərbə qoluma dəydi. Dərhal ona təpik vurdum və bıçaq əlindən düşdü. Əlbəyaxa olduqdan sonra, onun yenidən bıçağı götürmək istədiyini gördüm və sürətlə ərazidən uzaqlaşdım. Həmin şəxs də əks istiqamətə tərəf gedərək, sürətlə uzaqlaşdı” – deyən Rəsul Şükürsoy bildirdi ki, daha sonra evinə gedib. Xəstəxanada ilkin tibbi yardım gördükdən sonra Binəqədi rayon polis idarəsinin 4-cü polis bölməsinə ərizə ilə müraciət edib.

Şəxsi zəmində heç kimlə ədavəti olmadığını deyən jurnalist əlavə etdi ki, baş vermiş hadisənin peşə fəaliyyəti ilə, xüsusilə də avqustun 22-də futbolçu Mahmud Qurbanovun redaksiyaya basqın etməsi ilə bağlı olduğunu ehtimal edir. Qeyd edək ki, “Komanda” qəzetindən verilən məlumata görə, qəzetin 15 avqust tarixli sayında dərc olunmuş “Nüfuzunu pula dəyişən adam” yazısından əsəbiləşən Mahmud Qurbanov 22 avqustda  qəzetin redaksiyasına basqın etmiş və baş redaktora xəsarət yetirməklə yanaşı, redaksiya əməkdaşlarını da nalayiq ifadələrlə təhqir etmiş, həmçinin redaksiyanın əmlakına ziyan vurmuşdur. “Həmin hadisədən sonra redaksiyanın e-mail ünvanına hədə-qorxu və təhqir dolu məktublar gəlirdi. Məktubların birində yazılıb ki, baş redaktor Rəşad Ergün və redaktor Natiq Muxtarlı ailəli olduqları üçün onları öldürmək istəmirlər və vurğulanıb ki, Rəsul Şükürsoy özünü qorusun, axırı pis ola bilər” – deyən jurnalist vurğuladı ki, həmin e-maillərdə Mahmud Qurbanovla məsələni qurtarmaq üçün onlara pul da təklif ediblər. Bıçaqlanma hadisəsinin bu e-maillərlə əlaqəli olduğunu ehtimal edən Şükürsoy hesab edir ki, ya futbolçunun özü, ya da yararlanmaq istəyən şəxslərin də hadisə ilə əlaqəsi ola bilər.

“Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün də qəzetin elektron ünvanına hədə-qorxu məktublarının gəldiyini təsdiqləyib və həmin məktubların məzmunu ilə əməkdaşlarımızı tanış edib. “Famil Salamov və Yalçın Qurbanov adından göndərilən məktublarda məni, redaksiya əməkdaşlarını, xüsusən də Rəsul Şükürsoyu təhlükə gözlədiyi yazılmışdı” – deyə baş redaktor vurğulayıb.

 
Futbolçu Mahmud Qurbanov RATİ-yə bildirib ki, onun nə yazılan e-maillərlə nə də jurnalistin bıçaqlanması ilə əlaqəsi var. “Mən o jurnalisti ümumiyyətlə tanımıram. Mənim kiməsə sözüm olanda birbaşa deyirəm, heç vaxt da heç kimə e-mail göndərməmişəm. Hesab edirəm ki, bu hadisə mənə qarşı sifariş və ya “Komanda” qəzetinin növbəti şantaj addımıdır” – deyən Mahmud Qurbanov bir müddət əvvəl redaksiyada baş vermiş konfliktə də münasibət bildirdi. O, vurğuladı ki, “Komanda” qəzetinin redaksiyasında əməkdaşlarla mübahisə yaransa da, heç kimə xəsarət yetirməyib və avadanlığa ziyan vurmayıb.

Məsələ ilə bağlı 4-cü polis bölməsindən münasibət öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.

Previous Post

AİLƏ ÜZVLƏRİ HƏBSDƏ OLAN BLOQÇULARLA GÖRÜŞÜBLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.