REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSIZLIK İNSTITUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) təşkilatın sədri Emin Hüseynov barəsində narahat olmaqda qalmaqdadır. RATİ siyasi səbəblərə görə Hüseynova Mərkəzləşdirilmiş Təcili Yardım Xəstəxanasının Nevrotravmatologiya şöbəsinin müdiri Yusifov Əmralı və Qabil adlı həkim tərəfindən yalnış diaqnoz qoyulmasından və həmçinin hakimiyyət nümayəndələri və hökumət yönlü mətbuatın Hüseynovun “yıxıldığını” , “özü-özünə xəsarət yetirdiyini”  və “yumruq davası etdiyini”  bəyan etməsindən narahatdır.

Belə ki, bunlar hamısı tamamilə absurddur. Bu cür açıqlamalar hakimiyyətin bu hadisə ilə bağlı obyektiv və tam araşdırma aparmaq niyyətinin üzərinə kölgə salır.
Bir həftə bundan əvvəl, iyunun 14-də “Alaturka” kafesində keçirilən və Ernesto Çe Gevaranın 80 illik yubileyinə həsr olunmuş tədbir dağıdılan zaman saxlanılmış Emin Hüseynov polis zorakılığının qurbanı olmuşdur. Hüseynov tədbiri RATİ-nin digər iki əməkdaşı  – Rasim Əliyev və Mirrəhim Həsənov ilə birgə RATİ-nin rəsmi nümayəndəsi kimi müşahidə edib və bunu dərhal polislərə bildirib. Buna baxmayaraq, Hüseynov, Əliyev və Həsənov tədbirin təxminən digər 20 iştirakçısı ilə bərabər saxılanılıblar. 
Hüseynovun sözlərinə görə saxlanılan şəxslər kimi polis maşınına salınarkən ona başına vurulan zərbə də daxil olmaqla yumruq və təpiklə zərbələr vurulmuşdur. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində saxlanılan hər bir şəxsin barmaq izlərinin çıxarılmasına və fotoşəkillərinin çəkilməsinə etiraz etdiyi üçün Hüseynov digər saxlanılan şəxslərdən ayırlmış və bölmə rəisinin müavini Azər Kərimzadənin otağına aparılmışdır.  Nəticədə dörd nəfər – polis və mülki geyimli şəxslər Hüseynovun olduğu otağa daxil olub. Onlardan biri – idmançı bədən quruluşuna malik olan, mülki geyimli və gün eynəyi taxmış şəxs Hüseynovu hədələməyə başlayıb. O “Makarov” tipli tapanca çıxararaq Hüseynovla onun arasında olan stolun üstünə çırpıb və aşağıdakı ifadələrlə Hüseynovu hədələyib: “Mən səni məhv edərəm”, “Mən səni həbs edərəm” və “Mən səni basdıraram”. Hüseynov huşsuz vəziyyətdə olduğundan əvvəlcə bəyan edilmişdi ki, hadisə zamanı tapanca ilə Hüseynovun kürəyindən zərbə endirilib.  Hüseynov özünə gəldikdən və hadisəni təfərrüatı ilə danışdıqdan sonra aydınlaşıb ki, tapancanı Hüseynovun qarşısında olan stola çırpan mülki geyimli şəxs stolun yanından keçmiş və biləyi ilə Hüseynovun kürəyinə güclü zərbə endirmişdir və  sonra sanki RATİ sədrinin bədənini tapancaya yaxınlaşdırmaq üçün əli ilə Hüseynovun boynundan tutaraq onu aşağıya sıxmışdır. Bu zaman Hüseynov həmin şəxsdən əllərini çəkməyi tələb etmiş və bildirmişdir ki, o 2-ci qrup əlildir (2003-cü ildə “Turan” İnformasiya Agentliyinin əməkdaşı kimi seçki sonrası etiraz aksiyalarını işıqlandırarkən Daxili Qoşunların polisləri tərəfindən döyüldüyündən). Bundan bir neçə dəqiqə sonra Hüseynov Kazımzadənin otağından və polis bölməsindən sərbəst buraxılsa da, polis bölməsinin qarşısında huşunu itirmişdir.
RATİ qeyd edir ki, Hüseynov hələ də xəstəxanada qalmaqdadır. Hüseynovun əvvəldən olan ürəkbulanmaları zəifləsə də, o görmə problemindən, qulaqlarındakı səslərdən və başgicəllənməsindən hələ də əziyyət çəkir. Hüseynov reanimasiyaya aparılarkən orada olan həkimlər şifahi şəkildə Hüseynova beyin silkələnməsi diaqnozu qoysa da, Hüseynovu rəsmən reanimasiya şöbəsinə qəbul edən həkimlər tibbi sənədləri qəsdən saxtalaşdıraraq, arayışda “nevroloji reaksiya” (emosional həyəcan) diaqnozunun adını qeyd ediblər. Bu uyğunsuzluq geniş yayılmış bir təcrübənin – jurnalistlərin və fərqli düşüncəyə malik insanların hakimiyyət tərəfindən vurulan zərər və ziyanın təhrif olunmuş şəkildə təqdim olunması təcrübəsinin davamı kimi görünür. Belə bir vəziyyət 2007-ci ilin aprelində “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərova küt dəmir alətlə başından zərbə yetiriləndə də yaranmışdı. Cəfərovun başında yarıq yara yeri olmasına baxmayaraq, tibbi arayışda onun da “nevroloji reaksiyadan” əziyyət çəkdiyi iddia edilirdi.
RATİ xatırladır ki, Emin Hüseynovla bağlı hadisəyə bənzər qorxunc bir hadisə 28 dekabr 2004-cü ildə  “Yeni Müsavat” qəzetinin müxbiri Alim Kazımlı Nərimanov Rayon Polis Şöbəsinə şəxsiyyəti təsdiq edən sənəd almağa gedərkən baş vermişdi. “Turan” İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Kazımlı şəxsiyyəti təsdiq edən sənəd almaq istəyərkən şahidi olduğu bürokratiya və qeyri-qanuni hallara qarşı etiraz etmişdi. Polis bundan qəzəblənmiş və bir zabit telefonla amansızcasına Kazımlının başından zərbə endirmişdi. Huşunu itirən Kazımlı yalnız Əfəndiyev adına 2 saylı xəstəxanada özünə gəlmişdi. Həkimlər Kazımlıya beyinə qansızma diaqnozu qoymuşdular və nəticədə jurnalist qismən iflic olmuş və danışmaq qabiliyyətini itirmişdi. Sonradan Kazımlı aldığı zədələrdən komaya düşmüş və 19 iyun 2005-cı ildə vəfat etmişdir. Həmin vaxt Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov iddia etmişdi ki, Kazımlı polis şöbəsində olanda özünü “pis hiss” etmiş, amma heç bir polis zabiti tərəfindən vurulmamışdır. Zahidov Emin Hüseynovla bağlı hadisə barədə də eynilə həmin iddiaları irəli sürür.  Kazımlının ölümünə görə heç kəs məsuliyyətə cəlb olunmayıb. Jurnalistlərlə bağlı bu kimi misalların siyahısını daha da artırmaq olar.
Hər şeydən öncə, RATİ Azərbaycan hakimiyyətini Hüseynovu bütün Azərbaycan vətənfaşları üçün nəzərdə tutulmuş yüksək səviyyəli, dəqiq, pulsuz tibbi xidmətlə təmin etməyə çağırır. RATİ Azərbaycan hakimiyyətini, xüsusilə də Daxili İşlər Nazirliyini Hüseynovun xəsarət alması ilə nəticələnən qeyri-qanuni polis əməlləri ilə bağlı tam və obyektiv istintaq aparmağa, hakimiyyət nümayəndələri və hökumət yönlü mətbuatın bu hadisə barədə şər və böhtan xarakterli rəylərinə son qoymağa və Hüseynovun, eləcə də “Alaturka” kafesində olan digər iştirakçıların hüquqlarının pozulmasında məsuliyyət daşıyanları cəzalandırmağa çağırır. RATİ xatırladır ki, Azərbaycan öz üzərinə Avropa Şurası qarşısında digər məsələlərlə yanaşı birləşmək azadlığının, toplaşmaq azadlığının və təsadüfi həbs və işgəncədən müdafiənin təmin edilməsi ilə bağlı öhdəliklər götürmüşdür.
RATİ beynəlxalq ictimaiyyəti hakimiyyətdən Azərbaycanın insan haqları və mətbuat azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb etməyə və hakimiyyəti jurnalistlərə və Azərbaycanın bütün vətəndaşlaına qarşı zorakılıq edən hüquq-mühafizə orqanlarının məmurlarının cəzasız qalmasına son qoymağa məcbur etməyə çağırır.

 

[1] http://www.apa.az/news.php?id=99684[2] http://www.azadliq.org/Article/2008/06/14/20080614162124773.html [3] http://www.irfs.az/content/view/923/28/lang,az/ [4] http://www.azadliq.org/Article/2008/06/17/20080617143030887.html

 

Previous Post

EMİN HÜSEYNOV VƏ RATİ-NİN ƏMƏKDAŞLARI YAZILI İZAHAT VERİBLƏR

Next Post

İDMAN TELEKANALI ÜZRƏ KEÇİRİLƏN MÜSABİQƏNİN QALİBİ BİR AY ƏRZİNDƏ MƏLUM OLACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.