REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 25-də iş saatı bitdikdən sonra Bakı Apellyasiya Məhkəməsinin ciddi qanun pozuntuları ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin  Qaradağ rayon Məhkəməsinin haqqında çıxardığı həbs qərardan verdiyi apellyasiya şikayətini təmin etməməyi barədə tələm-tələsik verdiyi qərarı pisləyir.

Belə ki, Hakim Mirpaşa Hüseynov Eynulla Fətullayevin yeni vəkili Anar Qasımovun 7 cilddən ibarət iş materialları ilə tanış olmağa cəmi 1 iş günü vaxt ayırdığı üçün vəkil iş materialları ilə tanış ola bilməyib. Buna baxmayaraq hakim nə onun çıxışa hazırlaşmağına vaxt ayırıb, nə də Fətullayevin digər vəkillərinin prosesdə iştirakına imkan yaratmayıb. Eyni zamanda hakim analoqu olmayan qanun pozuntusuna yol verərək məhkum jurnalist Eynulla Fətullayevə son nitqlə çıxış etməyə də imkan yaratmayıb və onun çıxışını yarımçıq kəsərək apelyasiya şikayətinin təmin edilməməyi barədə qərar verib.

 

RATİ xatırladır ki, Eynulla Fətullayev 20 aprel 2007-ci ildə Yasamal rayon məhkəməsinin hökmü ilə məhkəmə zalından həbs olunmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O həbsdə olarkən, 03 iyul 2007-ci il tarixdə ona qarşı yeni ittihamlar (CM-nin 214.3, 283.2.2, 213.2.2-ci maddələri ilə) irəli sürülüb və 30 oktyabr 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmə  həmin ittihamlarla Fətullayevi təqsirli bilərək, 8 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. CM-nin 66.5-ci maddəsinə əsasən, Yasamal rayon Məhkəməsinin 20 aprel 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 aylıq cəzanın çəkilməmiş hissəsini, yəni 2 il 3 ay 17 gün müddətini 8 il 3 ayla qismən birləşdirərək, 8 il 5 ay qəti cəza təyin edib. Bu məhkəmə eyni zamanda 26 sentyabr 2006-cı ildə Ramil Usubovun şikayəti əsasında ona verilmiş 2 illik şərti məhkumetmə cəzasını  1 ay azadlıqdan məhrumetmə cəzasına çevirərək Fətullayev barəsində  qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.  Haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarı gözlənilən ərəfədə saxta narkotik ittihamı irəli sürülüb və 06 iyul 2010-cu ildə Qaradağ rayon Məhkəməsi haqında əlavə olaraq 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası haqqında qərar verib.

Avropa Məhkəməsinin qərarını icra etmiş Ali Məhkəmənin Plenumu 20 aprel 2007-ci ildə Fətullayevə  təyin edilmiş 2 il 6 aylıq cəzanı ləğv edərək, cinayət işinin icraatına xitam verərək, Fətullayevi  dərhal azad olunmağımı qərara almışdır. Eyni zamanda 30 oktyabr 2007-ci ildə təyin olunmuş 8 il 3 aylıq cəzadan, üzərimdə yalnız 213.2.2-ci maddə ilə (vergi məsələsi) 3 aylıq cəzanı saxlamış, CM-nin 214.1 və 283.2.2-ci maddələri ilə cinayət işinin icraatına xitam vermişdir. Ali Məhkəmənin Plenumu 30 oktyabr 2007-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Ramil Usubovun iddiası ilə verilmiş  2 illik cəzasının 1 aya çevirdiyi qərarı təzədən 2 ilə qaytarıb, bunun üstünə də 3 ay (vergi məsələsi) əlavə edib və Fətullayevə  qəti olaraq 2 il 3 aylıq cəza təyin edib.

Saxta narkotik  ittihamdan Fətullayevin verdiyi apelyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə baxılarkən dəfələrlə ciddi qanun pozuntuları baş verib. Hakim 2010-cu il sentyabrın 5-də Fətullayev həbsdə ola-ola barəsində Avropa Məhkəməsinin çıxardığı qərara Ali Məhkəmənin plenumunda baxılma ərəfəsində (11 sentyabr) həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib və bununla da  Bakı Apellyasiya Məhkəməsi Fətullayevin  fundamental hüquqlarımdan olan təqsirsizlik prezumpsiyasını pozub. Bundan başqa məhkəmə az ağır cinayətdə ittiham olunan Fətullayevin cəzasının da təxminən yarısını çəkməsini nəzərə almayaraq nə onun 101 min dollar qarşılığında zaminə buraxılmağı, nə də   polis nəzarəti altında olmaqla haqqımda ev dustaqlığı qərarını çıxarılmağı barədə vəkillərinin vəsatətlərini təmin etməyib. Habelə məhkəmə Fətullayevin vəkillərinin və şəxsən özünün işi qərəzli apardığına görə hakimlərə edilən etirazları qəbul etməmiş, bu barədə verilən vəsatətlər baxılmamış saxlanılmışdır. Habelə hakim proses boyu media nümayəndələrinə təzyiq edib, proseslərdən foto və video çəkiliş aparmağa icazə verməyib.

RATİ  yuxarıda  faktlara əsaslanaraq bir daha bildirir ki, Azərbaycan hökuməti  jurnalist Eynulla Fətullayevi azad etmək istəmir və onu mümkün qədər tez istintaq təcridxanasından həbsxanaya yola salmaq istəyir.

Son məhkəmə qərarı və jurnalistə qarşı hökumətin tutduğu xüsusi münasibətə əsaslanaraq RATİ hesab edir ki, Eynulla Fətullayevin həyatı ciddi təhlükə altındadır. Ona qarşı cəzaçəkmə müəssisəsində yeni təxribatın olacağı və ya onun həyatına qəsd olunacağı istisna deyil. Bu baxımdan da RATİ bir daha Azərbaycan hökumətini jurnalist Eynulla Fətullayevə qarşı repressiyanı dayandırmağa, onu dərhal azad etməyə çağırır.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ FƏTULLAYEVİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Next Post

QANUNLARDAKI BOŞLUQLAR KORRUPSİYAYA YOL AÇIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.