APELLYASİYA MƏHKƏMƏSİ FƏTULLAYEVİN APELYASİYA ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Yanvarın 25-də iş saatının bitməsinə baxmayaraq Mirpaşa Hüseynovun sədrliyi ilə  Bakı Apellyasiya Məhkəməsi ciddi qanun pozuntuları ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin  Qaradağ rayon Məhkəməsinin haqqında çıxardığı həbs qərardan verdiyi apellyasiya şikayətini rədd edən qərar verdi.

Belə ki,  proses saat 15:00 dan başlayıb və  ilk olaraq Eynulla Fətullayevin vəkili Anar Qasımov  Eynulla Fətullayev barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırdı. Hakim bu vəsatəti təmin etmədi.

Daha sonra Eynulla Fətullayev kiprik və  dırnaqlarından nümunə götürülməsi və  selafon bükümlərində əl izlərinin olmasını müəyyən etmək üçün müstəqil ekspertizanın keçirilməsi ilə bağlı vəsatət qaldırdı. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı bildirdi ki,  artıq o selofanlarda müxtəlif şəxslərin əl izləri var və buna görə də müstəqil ekspertizanın keçirilməsi mümkün deyil.

Müşavirədən qayıdan hakim bu vəsatəti də təmin etmədi.

Fətullayev vəsatət qaldıraraq hakimdən xahiş etdi ki, Qaradağ rayon polis idarəsinə narkotikin mənbəyinin müəyyən edilməsi ilə bağlı hansı işlərin görülməsi barədə və  Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsinin  29 dekabr 2009-cu il tarixində tapılmış narkotik maddəyə görə hansı əməkdaşları barədə hansı  tənbeh tədbirlərin görülməsi barədə sorğu göndərsin. Lakin hakim bu vəsatəti də təmin etmədi.

Artıq Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş saatının bitməsinə 20 dəqiqə qalmağına baxmayaraq axşam saat 17.40 hakim məhkəmə çıxışlarına başlanılması barədə göstəriş verdi.

Eynulla Fətullayev hakimə bildirdi ki, artıq 3 saatdan çox müddətdir ki, prosesdə vəsatətlərlə bağlı çıxış edir və  yorulub. Buna görə də hakimdən prosesi başqa vaxta təyin etməyi barədə xahiş etdi.

Bununla yanaşı, Eynulla Fətullayevin vəkili Anar Qasımov bildirdi ki, ona işin materialları ilə tanış olmaq üçün qısa vaxt verilmişdi və  buna görə də çıxış üçün vaxt istədi. Lakin hakim bu xahişi təmin etmədi və  prosesi davam etdirdi.

Eynulla Fətullayev öz çıxışına başladı. Lakin hakim Fətullayevin prosesi süni şəkildə yubandırmasını bəhanə gətirərək onun çıxış etməsinə imkan vermədi.

Vəkil Anar Qasımov hakimə bildirdi ki, heç olmazsa fasilə verin və işlə daha yaxından tanış olan digər vəkilləri prosesə  çağırsın və onlar çıxış etsinlər.

Lakin Mirpaşa Hüseynov  bu xahişi də nəzərə almadı və  çıxış üçün sözü dövlət ittihamçısına verdi.

Bununla bağlı olaraq Eynulla Fətullayev bildirdi ki, prokuror bu şikayətdən protest verməyib və  buna görə də mən çıxış etməmiş onun çıxış etməsi qanunsuzdur.

Çıxış edən dövlət ittihamçısı Məhərrəm Mustafayev bildirdi ki, artıq proses 18 dəfə təxirə salınıb. “Bütün dəlillər işin materiallarında var. Eynulla Fətullayevin cəzası 6 iyul 2010- cu il tarixindən hesablanacaq. Fətullayev həbsdə qanunsuz yatdığına görə Avropa Məhkəməsi ona kompensasiya verib.  Buna görə də hesab edirəm ki, şikayət əsassızdır və  təmin edilməməlidir ”,  – deyə Mustafayev qeyd edib.

2 dəqiqəlik olan müşavirədən sonra hakim Fətullayevin verdiyi apellyasiya şikayətinin təmin edilməməyi barədə qərarı elan etdi.

Qeyd edək ki, proses zamanı Fətullayev bu ittihamdan Avropa Məhkəməsinə şikayət verdiklərini bildirdi.

 Xatırladaq ki E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.   2007-ci iloktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə 2010-cu il noyabrın 11-də bu qərarı qismən təmin etmək barədə qərar açıqlasa da, sonradan bu qərarın ümumiyyətlə dəyişdirilməsi bəlli olub. Dekabrın 28-də isə Ali Məhkəmə Fətullayev barəsində Apellyasiya Məhkəməsinin 05 noyabr 2010-cu il tarixli həbs qətimkan tədbirinin ləğv edilməsinə dair verilmiş şikayətinin təmin olunmamağına dair qərar verib.

Onu da qeyd edək ki, 06 iyul 2010-cu il tarixində  Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb.

Previous Post

BƏXTİYAR HACIYEVƏ QARŞI FƏRARİLİK MADDƏSİ İLƏ CİNAYƏT İŞİ AÇILIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.