REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

     Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) qeyri-hökumət təşkilatlarının məcburi qaydada auditə cəlb edilməsi və bundan yayınan təşkilatlar üçün cərimələrin tətbiq olunması təklifini qınayır və bunu QHT-lərin fəaliyyətinə növbəti təzyiq  kimi qiymətləndirir.

            Belə ki, Prezident Administrasiyasından Milli Məclisə göndərilən və İnzibati Xətalar Məcəlləsi üçün nəzərdə tutulan əlavə və dəyişikliklərə görə, QHT-lər məcburi auditə cəlb olunmalı və bu qaydanı pozan QHT-lər cərimələnməlidirlər.

 

            RATİ bəyan edir ki, digər ölkələrdə bu cür praktika mövcud deyil və əslində təşkilatların illik auditə cəlb edilməsi könüllü şəkildə həmin təşkilatların özləri tərəfindən həyata keçirilir. RATİ eyni zamanda qeyd edir ki, dünya üzrə bu cür praktika olmadığından QHT-ləri maliyyələşdirən donorlar audit xidmətləri üçün vəsait ayırmırlar.

 

            RATİ hesab edir ki, QHT-lərin yüksək gəlirli biznes qurumları ilə eyniləşdirilməsi düzgün yanaşma deyil. İri biznes şirkətlərinin gəliri ilə QHT-lərin gəliri eyni həcmdə ola bilməz, QHT-lərin maliyyə mənbələri daha məhduddur.

 

RATİ hesab edir ki, QHT-lərin məcburi auditə cəlb edilməsi avtomatik olaraq onların həyata keçirdikləri layihənin effektinin azalmasına, nəticədə isə QHT-nin sıradan çıxmasına gətirib çıxara bilər. Belə ki, heç də bütün QHT-lər yüksək büdcəli layihələr həyata keçirmirlər və onların məcburi auditə cəlb edilməsi, bundan yayındıqda isə cərimələnməsi ağlasığmaz addımdır.

 

RATİ Azərbaycan Respublikasının Milli Məclisini bu əlavə və dəyişikliklərə baxarkən QHT-lərin ictimai həyatda oynadığı rolu, onların maliyyə mənbələrinin məhdud olduğunu  nəzərə almağa və bu əlavə və dəyişiklikləri QHT-lərə şamil etməməyə çağırır. Habelə RATİ Prezident Administrasiyasını bu cür əlavə və dəyişikliklərə çıxış etməməyə çağırır.   

Previous Post

MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ JURNALİST TƏŞKİLATLARININ BƏYANATI

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.