MEDİA NÜMAYƏNDƏLƏRİ VƏ JURNALİST TƏŞKİLATLARININ BƏYANATI

Biz Azərbaycanın media  nümayəndələri və jurnalist təşkilatları olaraq son zamanlar “Xural” qəzetinə qarşı diffamasiya maddələri ilə qaldırılmış iddialar və  qəzet üçün yerinə yetirilməsi çətin olan məhkəmə sanksiyalarının tətbiq edilməsinə görə narahatçılıq keçirir və  bunu mediaya qarşı edilən növbəti təzyiq kimi qiymətləndiririk.


Qeyd edək ki,  2007-ci ildə  Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərovun “Xural ” qəzetinə qarşı iddiası üzrə qəzetə kəsilmiş  1000 manat maddi imkansızlıqdan   ödənilmədiyi üçün yanvarın 18-də  Nərimanov rayon Məhkəməsində hakim Məzahir Sadıqov tərəfindən Əvəz Zeynallıya xəbərdarlıq edilib, fevralın 3-də Nərimanov rayon Məhkəməsində  hakim Sevinc Quliyeva müğənni Nüşabə Ələsgərlinin iddiası ilə qəzeti 3 min manat məbləğində cərimələyib. Habelə 2010-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərlinin “Xural” qəzetinə qarşı iddiası üzrə Nərimanov rayon Məhkəməsinin   qəzetə qarşı çıxardığı  500 manat cərimə qərarı üzrə cavabdehin verdiyi apellyasiya  şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi anormal qərar çıxararaq, “Xural”ı  5 min  manat həcmində  cərimələyib. Bundan başqa 2010-cu ildə Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə “Xural” qəzeti 10 min manat həcmində cərimələnib.

         Belə ki,  bəzi dövlət  məmurları onlara qarşı edilən tənqidlərə dözümsüz yanaşırlar və diffamasiyaya görə məhkəmələrdə  kosmik rəqəmlər tələb etməkdən əl çəkmirlər.  Prezidentin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun icraçı direktoru Vüqar Səfərli ona qarşı səslənən fikirlərə qarşı daha dözümlü olmalıdır. Amma Vüqar Səfərli qanunla üzərinə düşən vəzifəni, yəni KİV-in inkişafına dəstək verməyi inkişaf etdirmək əvəzinə müstəqil olmayan məhkəmələrlə qəzetləri susdurmağa çalışır. Bu kimi məsələlərdə daha çox özünütənzimləmə mexanizmlərindən (məsələn xüsusi ekspertlər yazıda təhqir olub-olmadığı barədə  tövsiyə xarakterli rəy verə  bilər və  qəzet də bu rəyə əsasən təkzib verər)  istifadə edilməlidir.

            Habelə biz Prezidentin İcra Aparatının rəhbəri cənab Ramiz Mehdiyevə  üzümüzü tutaraq, onu,  az büdcəli bir qəzetə qarşı qaldırdığı böyük məbləğli iddiasından imtina etməyə çağırırıq. Qərb təcrübəsinə də nəzər salsaq, görərik ki, orada həm sadə vətəndaş, həmçinin də dövlət məmurları tənqid edilə bilər. Qərb təcrübəsinə görə dövlət  məmurunun  şərəf və  ləyaqəti olmur. Beləliklə Ramiz Mehdiyevi də bir məmur kimi tənqid etmək olar. Çünki o ictimai fiqurdur, dövlətin adından çıxış edir və onun fəaliyyətini də tənqid edən həmin dövlətin vətəndaşlarıdır.

            Biz bir daha dövlət məmurlarına, ictimai-siyasi və incəsənət  xadimlərinə müraciət edərək onları jurnalist və qəzetlərə qarşı dözümlü olmağa, çoxsaylı məhkəmə çəkişmələrinə son qoymağa və yuxarıda qeyd etdiyimiz özünütənzimləmə mexanizmlərindən istifadə etməyə çağırırıq.

Previous Post

MÜDAFİƏ KOMİTƏSİ CABBAR SAVALANLININ HƏBSİNİ SİYASİ SİFARİŞ SAYIR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.