REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

   Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) məhbus jurnalist Eynulla Fətullayevin həbsdə qalmasından və onun azadlığa buraxılması haqqında Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməyindən narahatdır.

  “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin həbsinin dünən 5-ci ili başlayıb. Ötən il aprelin 22-də Avropa İnsan Hüquqları Məhkəməsi isə onun dərhal azadlığa buraxılması haqqında qərar çıxarıb. Bununla belə, Fətullayev hələ də həbsdədir və ona, eyni zamanda ailəsinə qarşı ən müxtəlif təzyiqlər davam edir. Bundan əlavə, Strasburq Məhkəməsinin qərarı ilə jurnalistə ödənilməli olan kompensasiyanın qəsdən verilməməyi aşkar şəkildə görünür.

 

            RATİ hesab edir ki, hakimiyyət Fətullayevi həbsdə saxlamaqla ölkənin elə də yüksək olmayan imicinə davamlı olaraq zərbə vurur. Fətullayevin qəsdən həbsdə saxlanılması heç kimdə şübhə doğurmadığından bu hal həm yerli, həm də beynəlxalq qanunvericiliyə açıq-aşkar hörmətsizlikdir. Nəticədə Azərbaycanın söz və ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklər yerinə yetirilmir və Avropa hüquq sisteminə tam etinasızlıq nümayiş etdirilir.

           

            RATİ bəyan edir ki, qeyd edilən mənfi halların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu səbəbdən RATİ Azərbaycan hakimiyyətindən Fətullayevi dərhal azad etməyi və ona müvafiq kompensasiyanın ödənilməsini tələb edir. RATİ beynəlxalq ictimaiyyəti Fətullayevin dərhal azadlığa çıxması üçün səylərini artırmağa və buna nail olunmayacağı təqdirdə Azərbaycan hakimiyyətinə qarşı müvafiq sanksiyaların tətbiqinə nail olmağa çağırır.

 

Previous Post

LONDONDA VƏ PARİSDƏ EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYALAR KEÇİRİLİB

Next Post

GÜNÜN XƏBƏRLƏRİ 21 04 2011

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.