LONDONDA VƏ PARİSDƏ EYNULLA FƏTULLAYEVƏ AZADLIQ TƏLƏBİ İLƏ AKSİYALAR KEÇİRİLİB

Aprelin 20-də Azərbaycanın Londondakı  səfirliyinin qarşısında jurnalist Eynulla Fətullayevin azad olunması tələbi ilə  aksiya keçirilib. Aksiyanı hüquq müdafiəçiləri təşkil edib.

Üzlərinə “Fətullayev” maskaları taxmış fəallar Azərbaycan və “Eynullaya azadlıq!” şüarını səsləndiriblər.

             Nümayişi Londonda yerləşən 5 təşkilat – Amnesty İnternational, Article 19, English PEN, İndex on Censorship və Media Müxtəlifliyi İnstitutu təşkil edib.

             Bu qurumların bəyanatında deyilir ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-dən tənqidçi-təhqiqatçı jurnalist fəaliyyəti ilə əlaqədar bir çox siyasi motivli ittihamlarla həbsə alınıb.

            Article 19 təşkilatının nümayəndəsi Rebecca Vincent BBC Azərbaycan xidmətinə verdiyi müsahibəsində Azərbaycanı İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

             “Avropa Məhkəməsi onun azad olunmasını istəyib, biz də Azərbaycan hökumətindən eyni şeyi istəyirik”, – deyə  Rebecca Vincent vurğulayıb.

            Nümayişçilər tələblərini Britaniyadakı Azərbaycan səfirliyinə təqdim ediblər.

             Eyni vaxtda bir qrup jurnalist və hüquq müdafiəçisi analoji tədbiri Azərbaycanın Parisdəki səfirliyi qarşısında keçirib. Tədbirin təşkilatçısı mühacirətdə olan “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlil olub.

             30-a yaxın aksiya iştirakçısı əllərində təqib olunan jurnalistlərin fotolarını tutub və “Eynulla Fətullayeva azadlıq!” şüarını səsləndiriblər.

             Hər iki tədbir Fətullayevin həbsinin 4-cü ildönümünə həsr olunub.

            Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib. Hazırda isə jurnalist saxta narkotik ittihamı ilə həbsdə saxlanılır.

 

Previous Post

BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.