REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların  Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 3 may  Beynəlxalq Mətbuat Azadlığı Günündə Azərbaycanda söz və ifadə azadlığı sahəsində durumun  kəskin vəziyyətə çatmasından ciddi narahatlığını ifadə edir.

Belə ki, bu gün Azərbaycanda saxta ittihamlarla şərlənərək həbs olunan vicdan məhbusu, “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru  Eynulla Fətullayev hələ də azadlığa buraxılmır.  RATİ xüsusilə vurğulayır ki, Avropa İnsan Hüquqları Məhkəməsi Eynulla Fətullayevin əsassız həbsə atıldığını müəyyən edərək, onun dərhal azadlığa buraxılması barədə qərar çıxarıb, Avropa Şurası Nazirlər Kabineti də bu qərarın icrası ilə bağlı 2 qərar versə də, Azərbaycan hakimiyyəti bu qərarı icra etməkdən boyun qaçırır.

Hakimiyyəti kəskin tənqid edən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 ildən artıq müddət keçsə də, bu günə kimi bu qətlin icraçıları və sifarişçiləri cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Jurnalistlərə qarşı fiziki basqılar 2011-ci ildə də davam etmişdir, “Azadlıq” qəzetinin əməkdaşları Seymur Həziyev və Ramin Dekonun bir neçə ay bundan əvvəl oğurlanaraq döyülməsini qeyd etmək kifayət edir.

RATİ həmçinin bəyan edir ki, 2009 ilin əvvəlindən hakimiyyət   Azadlıq Radiosu, BBC, Amerikanın Səsi radiostansiyalarının milli FM tezlikdə yayımını dayandırılıb və  faktiki olaraq  Azərbaycan əhalisini  elektron informasiya vasitələrindən düzgün informasiya əldə etmək hüququndan mərhum edib.  

Hakimiyyətin söz azadlığına qarşı mürtəce siyasəti nəticəsində bu gün ölkədə müstəqil medianın inkişafı üçün heç bir zəruri şərait yoxdur. Radiotezliklərin paylanması hakimiyyətin sərt nəzarəti altında həyata keçirilir ki, bu da əsl müstəqil teleradio kanallarının formalaşmasına mane olur. Mövcud televiziya və radioların monitorinqi isə bu medianın tamamilə hakimiyyətə xidmət etdiyini göstərir.

Son dövrlər də azad söz üçün yeganə məkan İnternet olduğundan hakimiyyət bu istiqamətdə də mürtəce addımlar atmağa başlamışdır. Belə ki, 2009-cu ildə həbs edilən daha sonra azad edilən bloggerlər Emin Milli və Adnan Hacızadə barəsində çıxarılmış hökm qüvvədədir və onlar ölkəni tərk edə bilmirlər. Facebook sosial şəbəkəsində aktivliyi ilə seçilən gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyev müxtəlif saxta ittihamlarla həbsə atılıblar və onların cəzalandırılması ilə bağlı məhkəmə qərarlarının veriləcəyi gözlənilir.

RATİ Azərbaycan hökumətinə  üz tutaraq söz azadlığını boğmağa yönələn addımlara son qoymağı,  həbsdə olan vicdan məhbusu, jurnalist Eynulla Fətullayevi dərhal azad etməyi, Elmar Hüseynovun qatillərini və sifarişçilərini  cinayət məsuliyyətinə cəlb etməyi, yeni televiziya və radioların açılması üçün mütəmadi və şəffaf tenderlər keçirməyi, xarici radioların yeli tezliklərdə yayımına icazə verməyi tələb edir. RATİ eyni zamanda Azərbaycanın üzv olduğu beynəlxalq qurumlara  müraciət edərək onları Azərbaycanda söz azadlığına və insan haqlarına dəstəklərini və diqqətlərini artırmağa, eləcə də Azərbaycan hakimiyyətindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.

Previous Post

GƏNC FƏAL BARƏSİNDƏ QƏRAR SABAHA QALIB

Next Post

XALQ NƏ DEYİR AZƏRBAYCANDA 2 Cİ VƏ 3 CÜ ŞƏXS KİMDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.