GƏNC FƏAL BARƏSİNDƏ QƏRAR SABAHA QALIB

Bu gün (03 May) Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun  sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə açılan cinayət işi üzrə  məhkəmə prosesi keçirilib.

İlk olaraq müdafiə tərəfin ötən proses zamanı qaldırdıqları vəsatətə əsasən ekspert, narkoloji həkim Faiq İsgəndərov  ifadə verdi. Müdafiə tərəfin vəkilləri ekspertin verdiyi rəyin ziddiyyətli olduğunu bildiriblər və ona öz suallarını veriblər. Vəkillərin : “Cabbar Savalanlının əvvəllər narkotikdən  istifadə etməsini təyin edə biləcək hər hansı tibbi imkanlar mövcuddurmu?” sualına ekspert Faiq  İsgəndərov  “mümkün deyil” cavabını verib.

Daha sonra müstəntiq Ziyad Əliyev ifadə verib.  Savalanlının vəkilləri hüquqlarını müdafiə etdikləri şəxsin həbs edilən vaxt ifadə verərkən, onun  dostları ilə hansı məkanlarda olmasını bildirməsinə baxmayaraq, istintaq zamanı bunların müəyyənləşdirilmədiyini müstəntiqə bildiriblər.

Hər iki vəkil hal şahidlərinin həmin günü gənc fəaldan başqa digərlərinə də hal şahidliyi etməsini sübut edən faktlara malik olduqlarını bildirdilər  və belə olduğu halda istintaq hərəkətinin etibarsız hesab edilməsi, həmçinin hüquq müdafiəçiləri Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənanyarlı, eləcə də vəkillər İntiqam Əliyev və Ənnağı Hacıbəylinin, o cümlədən Müsavat Partiyasının başqanı İsa Qəmbərin gənc fəalı zaminə götürmək istəməsi barədə vəsatət qaldırsalar da, məhkəmə bu vəsatətləri təmin etmədiyini bildirdi.

Daha sonra çıxış edən dövlət ittihamçısı Mövlud Osmanov çıxış edərək, gənc fəal Cabbar  Savalanlının 3 il müddətinə azadlıqdan məhrum edilməsi  və cəzasının tutulduğu müddətdən hesablanmasını məhkəmədən xahiş etdi.

 Hakim İlqar Məmmədov məhkəmə prosesini 4 may saat 12:00-a təyin etdi.

 Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

JURNALİSTLƏR SÖZ AZADLIĞI GÜNÜNÜ MƏRHUM JURNALİST ELMAR HÜSEYNOVUN MƏZARINI YAD ETMƏKLƏ QEYD ETDİLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.