REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Sergey Strekalinin Nəsimi rayon məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlili bıçaqlayan şəxs kimi tanınaraq cəzalandırılması faktını pisləyir.

Belə ki, bu gün keçirilən proses zamanı hakim Şahin Abdullayev hər iki ittiham üzrə – qəsdən bədənə az xəsarət yetirmə (13 mart hadisəsinə görə) və narkotik maddə saxlanılması (ayri və əlaqəsi olmayan hadisəyə görə) Strekalini günahli bilərək onun 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar çıxarıb. Verilə biləcək maksimum həbs cəzası beş ildir.
      RATİ hesab edir ki, məhkəmə tərəfindən bu cür sifarişli qərarın çıxarılması jurnalisti bıçaqlayan şəxslərin əməllərini ört-basdır etməyə və Aqil Xəlilə qarşı başlanmış qarayaxma kampaniyasının dəstəklənməsinə yönəlib.
     Aqil Xəlilin özü həm istintaqın gedişində, həm də məhkəmə araşdırması zamanı dəfələrlə bəyan etmişdi ki, o, Sergey Strekalini ümumiyyətlə tanımır. Xəlilin telefonundan Strekalinin telefonuna göndərilən sms-lərin və edilən zənglərin çıxarışlarının Baş Prokurorluğa MTN-nin Antiterror Mərkəzi tərəfindən göndərilməsi, və üstündə “Azərcell” Kompaniyasının  markası və ya informasiyanın Milli Təhlükəsizlik Nazirliyindən deyil, bu kompaniyadan alındığını sübut edən işarənin omamasi, Xəlilin 19 saat ərzində dindirilməsi və zor tətbiq edilməklə ondan ifadələrin alınması, məhkəmə prosesləri zamanı jurnalistin vəkilinin vəsatətlərinin təmin edilməməyi həm istintaqın, həm də məhkəmə araşdırmasının ədalətsiz aparıldığını göstərir. 
     Bundan əlavə, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov 04 aprel 2008-ci ildə təcili mətbuat konfransı keçirərək Sergey adlı bir şəxsin jurnalistin keçmiş “sevgilisi” olduğunu iddia etdiyi videosüjet göstərilməklə istintaq tərəfindən Xəlilin şantaj edildiyini bildirmişdi. Əhmədovun sözlərinə görə videosüjetin telekanallarda nümayiş etdirilməməyi üçün istintaq tərəfindən ona bir neçə təklif verilmişdi: jurnalist desin ki, onu bıçaqlayan şəxs "Azadlıq" qəzetindən bir iş yoldaşı olub;  desin ki, videosüjetdə görünən homoseksual "sevgilisi" onu bıçaqlamışdır və s.
     Aprelin 7-də isə sözü gedən videosüjet gün ərzində bütün telekanallarda (İTV və ANS istisna olmaqla) nümayiş etdirildi və Xəlilə qarşı “qara piar” kampaniyasına start verildi.
     ATƏT-in söz və media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti  09 aprel 2008-ci ildə səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Xəlilin anası Xuraman Xəlilova ilə görüşüb. Xəlilova İstintaq İdarəsinin baş müstəntiqi Əli Quliyevin onların yaşadığı Kürdəmir rayonuna gəldiyini, onların qarşısına şərtlər qoyduğunu və həmin şərtlərə əməl edilməyəcəyi təqdirdə Xəlili biabır edən videosüjetin telekanallarda nümayiş etdiriləcəyini Haraştinin diqqətinə çatdırmışdı. Xəlilova həm də demişdir ki, ailəyə istintaq tərəfindən rüşvət təklif olunmuşdur. 
      RATİ hesab edir ki, bu günkü məhkəmə qərarı ilə jurnalisti bıçaqlayan şəxslər məsuliyyətdən kənarda qaldılar. Azərbaycanda jurnalistlərə qarşı indiyə qədər baş vermiş cinayətlərin demək olar ki, heç birinin üstü açılmayıb. Aqil Xəlilin bıçaqlanması və nəticədə tamam kənar bir şəxsin cəzalandırılması da bu tendensiyanın məntiqi davamıdır. Belə ki, Xəlili 22 fevral tarixində döyən şəxslərin şəkilləri və döyülmənin əks olunduğu video görüntülər olsa da, həmin şəxslərin kimliyi (MTN-nin zabitləri Dağbəyi Allahverdiyev və Akif Çovdarov) məlum olsa da, onlara qarşı heç bir cəza tətbiq edilməyib. 
     Bu qərarla jurnalistin Avropa İnsan Haqları Konvensiyasının 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırma hüququ) maddələrində nəzərdə tutulan hüquqları pozulmuşdur.
      Yuxarıda qeyd edilənləri əsas tutaraq RATİ Azərbaycan hakimiyyətini qərarın ləğv edilməsinə, qərarı çıxarmış hakimin cəzalandırılmasına və Xəlilin bıçaqlanması üzrə araşdırmanın yenidən başlanmasına təsir etməyə çağırır. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti jurnalistə qarşı ədalətsizliyin qarşısını almaq məqsədilə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə və zərurət yaranarsa sanksiyalar tətbiq etməyə çağırır.

Previous Post

STREKALİN 1 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Next Post

YENİ MEDİA QURUMU YARANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.