Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Sumqayıt Şəhər Məhkəməsi qarşısında jurnalistlərə qarşı kobud rəftarı qınayır və bunu jurnalistlərin peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirir.
RATİ bu hadisənin Azərbaycanda söz azadlığının real durumunu bir daha göstərdiyini və bu kimi halların davam edəcəyi təqdirdə Azərbaycanın adının söz azadlığı olmayan ölkələr sırasında qalacağını bəyan edir. Jurnalistlərin fəaliyyətinə mane olmaqla hakimiyyət nümayəndələri Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə biganə yanaşır və ölkənin onsuz da yüksək olmayan imicini daha da ləkələyirlər.
RATİ hesab edir ki, jurnalistlərin peşə fəaliyyətinə mane olma həm Azərbaycan Respublikasının qanunvericiliyi ilə, həm də beynəlxalq-hüquqi sənədlərlə qadağandır. Bu müdaxilə birbaşa olaraq jurnalistlərin məlumat almaq, toplamaq və yaymaq hüququnun pozulmasıdır.
RATİ Azərbaycan hakimiyyətindən jurnalistlərin fəaliyyətinə kobud surətdə mane olan şəxslərin dərhal cəzalandırılmasını və bu kimi hallara yol verilməməsi üçün tədbirlərin görülməsini tələb edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələyə biganə yanaşmayaraq Azərbaycan hakimiyyətindən söz azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyi tələb etməyə çağırır.