GƏNC FƏAL CABBAR SAVALANLI 2 İL 6 AY MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Bu gün (04 May) Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun  sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama)  maddəsi ilə açılan cinayət işi üzrə  məhkəmə prosesi yekunlaşdı. Məhkəmə gənc fəalın 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verdi. 

Qeyd edək ki, məhkəmə binasının qabağına gənc fəalı dəstəkləməyə gələn çoxlu sayda həmfikirləri, media və səfirlik nümayəndələri  olsalar da  məhkəmə zalının kiçik olması və hakimin media nümayəndələrini içəri buraxmamaq barədə tapşırığı əsas gətirilərək, zala heç kim buraxılmayıb. Prosesdə elan edilən  fasilə zamanı bir neçə jurnalist içəri daxil olmağa müvəffəq olub.

Belə ki, prosesdə Savalanlı dövlət ittihamçısından ona cəza verilməsi barədə kimdən tapşırıq aldığına dair sual verib. Amma hakim Məmmədov gəncin sözünü kəsərək, ona “sual vermək olmaz” deyə bildirib.

Anar Qasımov  Savalanlının  ictimaiyyətə mesaj xarakterli məktub da ünvanladığını deyib.  Məktubda gənc fəal saxta narkotik ittihamı ilə əslində   azadlıq uğrunda apardığı mübarizəyə görə həbs olunduğunu deyib.

 

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Qeyd edək ki, jurnalist Eynulla Fətullayev də saxta narkotik ittihamı ilə hazırda həbsə saxlanılmaqdadır. O da 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılıb

 

Previous Post

SUMQAYIT MƏHKƏMƏSİ QARŞISINDA JURNALİSTLƏR POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİBLƏR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.