REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” radiosunun Azərbaycan xidmətinin müxbiri Yafəz  Həsənovun (Əkrəmoğlu)  Naxçıvandan qovulmağını qətiyyətlə pisləyir, bu hadisəni jurnalistin sərbəst hərəkət və sərbəst informasiya toplamaq hüququnun kobud şəkildə pozulmağı kimi qiymətləndirir.

Belə ki, Yafəz Həsənov Naxçıvanın Muxtar Respublikası sakinidir. Özünün verdiyi məlumata görə,  avqustun 31-də o, avqustun 24-də həbs edilmiş və növbəti gün MTN-də vəfat etmiş Turac Zeynalovun yaşadığı Naxçıvanın Culfa rayonunun Ərəzin kəndinə yola düşüb.

“Avqustun 31-də üç nəfər mülki geyimli şəxs məni küçədə saxladı. Onlar maşında idilər və mənim də maşına əyləşməyimi tələb etdilər. Kim olduqlarını soruşduqda mənə cavab vermədilər və zorla maşına oturtdular. Onların xüsusi xidmət orqanı işçiləri olduğunu anladım. Onlar pasportumu əlimdən aldılar və mobil telefonu söndürməyi tələb etdilər”, –  deyə qeyd edən müxbirin sözlərinə görə, xüsusi xidmət əməkdaşları ondan “satqın” olan Turac Zeynalovun ölümü haqqında reportaj hazırlamamağı tələb ediblər.  Müxbiri Azərbaycan-İran sərhədindəki nəzarət-buraxılış məntəqəsinə aparıblar, oradan keçiriblər və Bakıya getməyi əmr ediblər. Onu Naxçıvana qayıdacağı təqdirdə cəzasını çəkəcəyi ilə hədələyiblər. Sentyabrın 1-də müxbir İran ərazisindən maşınla Bakıya gəlib.

RATİ qeyd edir ki, bu kimi hallar Naxçıvan Muxtar Respublikası və ümumilikdə  Azərbaycan Respublikasının onsuz da yüksək olmayan beynəlxalq nüfuzuna ciddi zərbə vurur.  RATİ Azərbaycan hökumətini bu kimi halların qarşısının alınması üçün tədbirlər görməyə, jurnalistlərin qanuni peşə fəaliyyəti üçün imkan yaratmağa çağırır.

Previous Post

NAXÇIVANDA JURNALİST VƏ ONUN AİLƏ ÜZVLƏRİ ÖLÜMLƏ HƏDƏLƏNİR

Next Post

QANUNVERİCİLİK HƏRBÇİLƏRİN SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNİ TƏMİN ETMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.