RATİ-NİN ƏVƏZ ZEYNALLI BARƏDƏ YENİ MƏHKƏMƏ QƏRARINA DAİR BƏYANATI

fevral 14th, 2012
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu yanvarın 23-də Nərimanov rayon məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Baltika-Bakı” MMC-nın baş direktoru Adam Tlexurayın iddiası ilə hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 50 min manat cərimə olunması, həmçinin təkzib onun verməklə üzr istəməli olduğu haqda verilən qərarı qətiyyətlə pisləyir.

Belə ki, sözügedən məhkəmə prosesi  cavabdehin və onun vəkillərinin xəbəri olmadan keçirilib. Cavabdehin vəkili bu barədə yalnız fevralın 10-da xəbər tutub. RATİ hesab edir ki, qanun pozuntusu ilə keçirilən və iddiaçının güya  təhqir olunmağı barədə qaldırdığı iddia üzrə belə ağır məhkəmə qərarının qəbul edilməsi  Zeynallı və onun baş redaktoru olduğu “Xural” qəzetinə qarşı davam edən repressiyanın tərkib hissəsidir.     Qeyd edək ki, 2011-ci  il oktyabrın 19-da Azərbaycan parlamentinin  deputatı Gülər Əhmədovanın şikayəti ilə Zeynallıya  qarşı açılmış cinayət işi ilə açılıb və o  həbs edilib. Sonuncu redaktorun ondan güya pul tələb etdiyini  iddia edir. Lakin Əvəz Zeynallı həmkarlarına bildirib ki, Əhmədova onun yanına gələrək, hakimiyyətə qarşı loyallığı müqabilində pul təklif edib.  Habelə qeyd edək  ki,  Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı iddiasına əsasən çıxarılmış 10.000 manat və KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iddiası üzrə çıxarılmış  5.000 manat, və müğənni Nüşabə Ələsgərlinin iddiası üzrə çıxarılmış 4.000 manat cəriməyə görə 2011-ci ilin may ayında “Xural” qəzetinin əmlakı siyahıya alınmışdı. Amma qəzetin cərimələri ödəməyə maddi imkan olmadığından icranın dayandırılması ilə bağlı məhkəməyə müraciət edib.  
RATİ yuxarıda sadalanan faktlara əsaslanaraq qeyd edir ki, bütün bu addımlar  müstəqil  bir qəzetin susdurulmağı üçün atılıb və bunun məsuliyyətini birbaşa ölkə rəhbərliyi daşıyır. RATİ bir daha üzünü Azərbaycan hakimiyyətinə tutaraq azad mətbuata və jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırır. RATİ xüsusilə  şərlənərək həbs edilən Əvəz Zeynallının azad edilməsini, ona və baş redaktoru olduğu qəzetə qarşı bütün qondarma cinayət işlərinə xitam verilməsinə də çağırış edir.