Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 23 noyabr Beynəlxalq Cəzasızlıqla Mübarizə Günündə jurnalist-yazıçı Rafiq Tağının ölümünə gətirib çıxardan qətli Azərbaycan hökumətinin jurnalistlərə və söz azadlığına olan etinasızlığını qınayır.
RATİ hesab edir ki, sui-qəsddən sağ çıxan jurnalistin həyatını zəruri müalicə ilə təmin etmiş olsaydılar, onu xilas etmək olardı. Lakin bütün bu günlər hökumət R. Tağıya sanki biganəsizlik nümayiş etdirdi.
RATİ əmindir ki, R.Tağını məhz jurnalist olduğu üçün faktiki olaraq qətlə yetirdilər.
23 noyabr Beynəlxalq Cəzasızlıqla Mübarizə Günündə bütün dünyada jurnalistlər öz həmkərlarını qətlə yetirən qüvvələrə öz etirazlarını nümayiş etdirmək üçün bir yerə toplaşaraq müxtəlif etiraz aksiyalarını keçirirlər. Azərbaycanda da məhz bu gündə jurnalistin həlak olması bir daha göstərdi ki, ölkədə ifadə azadlığının durumu növbəti təhlükəli pilləyə qalxdı. Qətlin üzərindən 6 ildən çox müddətin keçməsinə baxmayaraq bu günə qədər “Monitor” Jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları tapılmayıblar .
Bütün bu jurnalist qətillərinin üstünün açılmasında siyasi məsuliyət Azərbaycan hökumətinin üzərindədir.
Məhz buna görə də RATİ Azərbaycan hökumətindən jurnalistlərin qətillərini sifariş edən və icra edən şəxsləri tapıb ədalət mühakiməsinə çıxarmağa çağırır.
RATİ beynəlxalq ictimaiyyəti Azərbaycanda ifadə azadlığını xüsusi diqqətdə saxlamağa və Azərbaycan jurnalistləri ilə həmrəy olmağa çağırır.