Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) 22 aprel 2008-ci il tarixdə "Lider" TV-də "İflas" filminin nümayiş etdirilməsini qəti surətdə pisləyir.
"İflas" filminin nümayiş etdirilməsi ölkənin bir sıra qanunlarını, habelə beynəlxalq müqavilələri pozub. Belə ki, hakimiyyətdə işləyən şəxslərin yolverilməz hərəkətləri filmdə nümayiş etdirilib (xüsusilə parlamentdə Əli Kərimlinin seksual oriyentasiyası ilə bağlı müzakirələr).
RATİ ötən həftənin böyük hissəsini bu filmi analiz etmiş və müəyyənləşdirmişdir ki, filmdəki mətnlər qrammatik səhvlərlə və bitməmiş ifadələrlə oxunub ki, bu da tamaşaçılar tərəfindən düzgün başa düşülməyə bilər. Bu təkcə "Lider" TV-nin jurnalistlərinin peşəkarlığının aşağı olmasını deyil, həm də onların müəyyən faktları sübut etmək istəklərinin olmadığını təsdiqləyir. Pornoqrafik şəkillərdən və kobud dildən istifadə edərək insanları sensasiya ilə heyrətləndirmək istəklərinin olması da filmdə sezilir. Bu film xeyli sayda insanın televizora baxdığı bir vaxtda nümayiş etdirilib. Filmin belə vaxtda nümayiş etdirilməsi istənilən ölkədə qəbuledilməzdir.
RATİ güman edir ki, filmin nümayiş etdirildiyi vaxt təsadüfi deyil. "İflas" filmi ötən ay "Lider" TV-də "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı böhtan xarakterli videosüjet kimi 2008-ci il prezident seçkiləri ərəfəsində siyasi müxalifət nümayəndələrini şərləməyə yönəlmiş növbəti addımdır.
RATİ hesab edir ki, "İflas" filminin nümayiş etdirilməsi bir sıra hüquq müdafiə təşkilatlarının və müstəqil medianın dediyini sübut edir: Azərbaycan hakimiyyətinin Azərbaycanda müxalifət və müstəqil mətbuat nümayəndələrinin peşəkarlığının artırılmasının zəruriliyi haqqında iddialarına baxmayaraq, Azərbaycan hakimiyyətinin tapşırıqlarını icra edən medianın özü jurnalist etikasını ən kəskin şəkildə pozur.
Yuxarıdakı fikri əsas tutaraq RATİ Milli Televiziya və Radio Şurasını (MTRŞ) "İflas" filmini nümayiş etdirməklə yerli və beynəlxalq qanunvericiliyi pozan Lider TV-yə qarşı təxirəsalınmaz tədbirlər görməyə, habelə açıq şəkildə Azərbaycan mənəviyyatını və dəyərlərini təhqir edən və Azərbaycanın beynəlxalq imicinə zərbə vuran bu cür qeyri-qanuni verilişlərin nümayiş etdirilməsinə son qoymağa çağırır.
RATİ həmçinin yerli hüquq-mühafizə orqanlarını "İflas" kimi filmləri hazırlanmasına və nümayiş etdirilməsinə göstəriş verən insanları məsuliyyətə cəlb etməyə çağırır. Nəhayət RATİ beynəlxalq ictimaiyyəti Azərbaycan hakimiyyətini qınamağa, bu cür filmlərin gələcəkdə nümayiş etdirilməməsi üçün zəruri sanksiyalar tətbiq etməyə və Azərbaycan hakimiyyətini bütün vətəndaşların haqlarına hörmətlə yanaşmağa və insan haqları sahəsində bütün beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırır.