BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVƏ QARŞI ÇIXARILMIŞ YENİ HÖKMÜ PİSLƏYİRLƏR

Jurnalistləri Müdafiə Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin 2 il 6 ay azadlıqdan mərhum edilməsi barədə çıxarılmış hökmü pisləyən bəyanat yayıb.

”Biz Eynulla Fətullayevə qarşı qəbul edilmiş bu qərardan çox hiddətlənmişik və Bakı Apelyasiya Məhkəməsini bu qərarı dərhal ləğv etməyə çağırırıq. Azərbaycan bu yeni absurd hökmü və eləcə də həmkarımıza qarşı əvvəlki qondarma cinayət işlərini ləğv etməli, ya da sanksiyalarla üzləşməlidir” – deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova deyib.

    ATƏT-in  media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Fətullayev barəsində çıxarılmış qərardan məyus olduğunu bildirib. “Bu qərar məni çox məyus etdi və bu şübhəli cinayət ittihamları ilə Azərbaycanda azad medianı susdurmaq üçün növbəti cəhddir. İyunun 15-də Prezident İlham Əliyevə ünvanladığım məktubda yazdığım kimi, mən Azərbaycan rəsmilərini Fətullayevin və iki videobloqqerin (Emin Milli və Adnan Hacızadəni) azadlığa çıxmasını təmin etməyə səsləyirəm. Müstəqil fikirli insanları barmaqlıqlar arxasında saxlamaqla Azərbaycan nümayiş etdirir ki, ölkə ATƏT-in media azadlığı üzrə öhdəlikləri yerinə yetirməyə meylli deyil” – deyə Miyatoviç  bildirib.

    “Sərhədsiz Reportyorlar” təşkilatı da jurnalistə əlavə cəzanın verilməsini qətiyyətlə pisləyib. “Biz bu qərarı siyasi motivlərlə verilmiş qərar kimi və hökumətin öz tənqidçilərini susdurmaq üçün hələ də qətiyyət göstərməsinin sübutu kimi qiymətləndiririk. Bu bir daha hakimiyyət aprelin 22-də Eynullanın azadlığa çıxmasına qərar verən Avropa Məhkəməsinə saymazlıq göstərməsini nümayiş etdirir”  deyə  təşkilatın yaydığı bəyanatda bildirilir.

    “Amnesty International”,     “Artıkl 19” təşkilatları, həmçinin Norveçin Azərbaycandakı səfirliyi də jurnalistə qarşı çıxarılmış növbəti hökmü pisləyən bəyanatlar verib və Azərbaycan hökumətini Avropa məhkəməsinin qərarını icra edərək, Eynulla Fətullayevi azad etməyə çağırıb.

    Xatırladaq ki, 06 iyul 2010-cu ildə Eynulla Fətullayev Cinayət Məcəlləsinin  234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə  Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı  irəli sürülmüş ittiham üzrə çıxarılıb. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş təxribat  kimi qiymətləndirir.

 

    Əlavə edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi  üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

 

    Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib. Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində  dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları  və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

 

     2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə  Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə  azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

 

     Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

 

Previous Post

XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLAN ŞİKAYƏT ƏRİZƏLƏRİ EKSPERTİZAYA GÖNDƏRİLƏCƏK

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.