XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİAYA SƏBƏB OLAN ŞİKAYƏT ƏRİZƏLƏRİ EKSPERTİZAYA GÖNDƏRİLƏCƏK

Bu gün (07 iyul) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçının nümayəndəsi Azər Tağıyev, cavabdeh Yaqub Muradzadə və onun nümayəndəsi Əlibaba Rzayev iştirak edirdilər.

 

    Əlibala Rzayev hazırlıq iclasında Yasamal rayon məhkəməsinin tərkibinə verilmiş etirazla bağlı çıxarılmış qərarda qanunsuzluğa yol verildiyini bildirdi. O qeyd etdi ki, onlar həmin etirazda işin digər rayon məhkəməsinə göndərilməsini istəmişdilər: “Məhkəmə sədrinin etirazın təmin edilməməsi ilə bağlı qərarında isə göstərilir ki, etiraz guya hakim Xəqani Məmmədova edilib”.

 

    Ə. Rzayev yenidən Yasamal rayon məhkəməsinin tərkibinə etirazı hakimə təqdim etdi. Lakin hakim bu dəfə eirazın baxılmamış saxlanılması ilə bağlı qərar qəbul etdi.

 

    İddiaçının nümayəndəsi Azər Tağıyev isə iddiaya səbəb olmuş şikayət ərizələrində təhqiredici ifadələrin işlədilib-işlədilməməsini dəqiqləşdirmək üçün ərizələrin linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət verdi.

 

    Hakim vəsatəti təmin etdi və ekspertiza qarşısında qoyulacaq sualları təqdim etmək üçün tərəflərə 15 iyul saat 10:00-a qədər vaxt verdi.

 

    Xatırladaq ki, İ.Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına yazdığı şikayət məktublarında təhqir və böhtana məruz qaldığını hesab edərək, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verib.

 

    Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-ci ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI İDDİA ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

BEYNƏLXALQ TƏŞKİLATLAR EYNULLA FƏTULLAYEVƏ QARŞI ÇIXARILMIŞ YENİ HÖKMÜ PİSLƏYİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.