Beynəlxalq İnsan Hüquqları Günü: Azərbaycan İfadə Azadlığı Hüququna Hörmət Etməlidir

Bəyanat

İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 65-ci ildönümünü – Beynəlxalq İnsan Hüquqları Gününü qeyd edən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanda ifadə azadlığına qarşı hücumların davam etməsindən dərin narahatlıq hissi keçirir.

“Bu gün rəsmən senzura olmasa da, insanlar fikirlərini sərbəst ifadə edə bilsələr də, buna görə üzləşə biləcəkləri nəticələrə hazır olmalıdırlar. Sərbəst ifadə olunmuş fikir həbslə, məhkəməyə verilmə ilə, dəmir barmaqlıqlar arxasına salınma ilə, ölüm hədələri ilə və ölümlə nəticələnə bilər,” deyə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov bildirib.

Blogger Rəşad Ramazanovun internetdə rejimə xoş gəlməyən fikirlər ifadə etməsi ona azadlığı bahasına başa gəlib. O, ötən ay “narkotik maddələr saxlama” ittihamı ilə doqquz il azadlıqdan məhrum edilib.

Keçmiş deputat Gülər Əhmədovanın barəsində bir neçə gün öncə çıxarılan məhkəmə qərarı vətəndaş cəmiyyəti daxilində ağır cinayət törədən şəxslərə daha yumşaq cəza verən, rejimə müxalif olan şəxslərə isə ədalətsiz məhkəmə prosesində ədalətsiz hökm çıxaran məhkəmə sisteminə qarşı ciddi narazılıq və qəzəb doğurub. Halbuki, Əhmədovanın müraciəti əsasında aparılmış ədalətsiz məhkəmə prosesi nəticəsində “rüşvət alma və hədə-qorxu ilə pul tələb etmə” ittihamları ilə müxalif qəzet redaktoru Əvəz Zeynallı doqquz il azadlıqdan məhrum olunub. Prezident İlham Əliyev barəsində yazdığı tənqidi yazıdan sonra həbs olunan iki uşaq atası Əvəz Zeynallı 2011-ci ilin oktyabrından bəri həbsdə saxlanılıb. Həbsdə olduğu müddətdə səhhətində ciddi problemlərin olmasına baxmayaraq jurnalistin zaminə buraxılmaq müraciətlərinin heç biri təmin olunmayıb, ona qarşı təzyiqlər baş verib və onun hüquqları təmin olunmayıb.

Hakimiyyətin yüksək eşelonlarında korrupsiya hallarını araşdıran jurnalist Xədicə İsmayılova şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması ilə üzləşib. Mühafizəkar cəmiyyətdə xanım jurnalistə qarşı baş vermiş bu iyrənc hücum onun şəxsi təhlükəsizliyini də təhlükə altına alıb. Prezident Administrasiyası jurnalistin şəxsi həyatına müdaxiləni pisləsə də, rəsmi istintaq heç bir nəticələrə aparıb çıxarmayıb. Əksinə, onun barəsində qanunsuz yolla əldə olunmuş daha bir intim video iyul ayında internetdə yayılandan sonra dövlətin nəzarətində olan mediada İsmayılovaya və onun ailə üzvlərinə qarşı qarayaxma kampaniyası aparılıb.

Avqustun 14-də Astara Rayon Məhkəməsi Facebook səhifəsində paylaşdığı yazılara görə Mikayıl Talıbov barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə bir il islah işləri cəzası və bir il müddətinə aylıq qazancının 20%-i həcmində cərimə qərarı çıxarıb. Sonradan Şirvan Apelyasiya Məhkəməsinin Mikayıl Talıbovun apelyasiya şikayətini təmin edərək ilkin instansiya məhkəməsinin hökmünü ləğv etməsinə baxmayaraq, bu məhkəmə prosesi özlüyündə internetdə ifadə azadlığına olduqca çəkindirici təsir göstərib. Mikayıl Talıbov internetdə diffamasiyaya görə cinayət məsuliyyəti nəzərdə tutan sərt qanun dəyişikliyinin ilk qurbanıdır.

2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Mütəmadi ölüm təhdidləri alan jurnalist sonda Bakıda yaşadığı binanın qarşısında odlu silahdan açılan atəşlə öldürülüb. Qətldən səkkiz ildən də çox vaxt keçməsinə baxmayaraq, hökumət hadisəni adekvat şəkildə araşdırmayıb  və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

Hüseynovun qətlindən bəri Azərbaycanda jurnalistlərə qarşı 300-dən artıq hücum və daha bir qətl hadisəsi baş verib.

Beynəlxalq İnsan Hüquqları Gününün Azərbaycanda qeyd olunduğu bir vaxtda ölkədə ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlarla doqquz jurnalist, bir hüquq müdafiəçisi və dörd internet fəalı həbsdə qalmaqdadır.

1946-cı ildə keçirilmiş ilk sessiyasında, hələ insan hüquqları ilə bağlı heç bir bəyannamə və müqavilənin mövcud olmadığı bir vaxtda, BMT Baş Assambleyası qəbul etdiyi 59(I) saylı qətnamədə qeyd olunur ki, “İnformasiya azadlığı fundamental insan hüququdur və … BMT-nin həsr olunduğu bütün azadlıqların məhək daşıdır.”

65 il öncə, 1948-ci il dekabrın 10-da, BMT Baş Assambleyası İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni (İHÜB) qəbul edib. İHÜB ifadə azadlığı standartlarının yaradılmasında normativ baza rolunu oynayıb.  İHÜB-ün 19-cu maddəsində qeyd olunur: “Hər kəs fikir və ifadə azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərin asılı olmayaraq informasiya və ideyaları axtarmaq, almaq və hər hansı bir media vasitəsilə yaymaq azadlığı daxildir.”

1976-cı ildə Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt (MSHBP) qüvvəyə minib. İmzalayan və ratifikasiya edən dövlətlər üçün məcburi xarakter daşıyan bu sənəd İHÜB-də göstərilən prinsipləri daha müfəssəl şəkildə aydınlaşdırır. Azərbaycan BMT-nin üzvüdür və onun öhdəliklərinə əməl etməlidir.

Beynəlxalq İnsan Hüquqları Günündə RATİ bir daha Azərbaycan hökumətini ifadə azadlığına əlverişli şərait yaratmaq üçün təxirəsalınmaz və konkret tədbirlər görməyə çağırır. RATİ hökuməti həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt və Avropa İnsan Hüquqları Konvensiyasında göstərilən ifadə azadlığı öhdəliklərinə əməl etməyə çağırır.

Previous Post

Jurnalist Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edildi

Next Post

“Yeni Cümhuriyyət” qəzeti QHT-lərə Dəstək Şurasını tənqid etdiyinə görə ölümlə hədələnib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.