“Yeni Cümhuriyyət” qəzeti QHT-lərə Dəstək Şurasını tənqid etdiyinə görə ölümlə hədələnib

Dekabrın 11-də “Yeni Cümhuriyyət” qəzetinə basqın olub. Bu barədə bu gün (12 dekabr)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Nəsimi Şərəfxanlı məlumat verib. O bildirib ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını kəskin tənqid edən “QHT-lərə səlib yürüşü və Azay Quliyev maxinasiyaları” yazısı ilə əlaqədar Şuranın informasiya portalının baş redaktoru Sənan Nəcəfov və özünü Şahin Məhərrəmov kimi təqdim edən şəxslər  “Yeni Cümhuriyyət” qəzetinin redaksiyasına gəliblər və məqalə ilə bağlı redaktora iradlarını bildiriblər.

“Sənan Nəcəfov məqaləyə dair iradlarını mənə bildirdi. Onların fikrincə bizim Şura haqqında və onun rəhbəri Azay Quliyevə qarşı qərəzli yanaşmamız var və yazı da bunun nəticəsidir. Ancaq mən onlara bildirdim ki, bu yazı saytdan götürülməyəcək, lakin Şuranın da mövqeyini dərc etməyə hazır olduğumuzu bildirdim. Sənan bəy “mən sözümü bitirdim” deyən kimi, özünü Şahin Məhərrəmov kimi təqdim etmiş həmin tanımadığım (Azay Quliyevin qohumu olduğu bildirilən) şəxs ayağa qalxaraq təhqiramiz ifadələrlə tələb etdi ki, bilirsən mən kiməm? Axşama qədər o yazını saytdan itirməsəniz, sizin özünüzü yazı ilə bir yerdə itirəcəyəm. Mənim itirdiyim adamlar isə heç vaxt tapılmır. Onlar getdikdən sonra Şuranın Mətbuat katibi Səfər Alışarlı ilə əlaqə saxladım. O bildirdi ki, Şahin müəllim elə tərbiyənin adamı deyil, yanlışlıq olub. Dedik ki, onda aydınlaşdırılsın, ona qədər məsələni ictimailəşdirməyəcəyik. Gözlədik, amma reaksiya gəlmədi, biz də məlumatı yayımladıq. Bundan sona Səfər Alışarlı əlaqə saxlayıb hədə-qorxu barədə məlumatı götürməyimizi xahiş etdi və biz bunu etməyincə də hədələdi ki, “Şahin səni avtobusun altında qoyar, çünki sən onun heysiyyatına toxunmusan. Göründüyü kimi, barəsində “o elə tərbiyə sahibi deyil söylədiyi adamın indi adamı avtobusun altında qoyacağından danışır. Ona görə də, bildirdim ki, bəs, bu cür hədə-qorxu gəlməklə bizim heysiyyatımıza toxunulmurmu?! Ona görə də həm yazı qalır, həm də bizə qarşı yol verilmiş bu kobudluğa görə qaneedici açıqlama gəlmədiyinə görə hadisə barədə mövqeyimiz də dəyişmir. Sonra başqa yaxın insanlar da xahiş etdilər. Amma gördük ki, qəzetin saytı (cumhuriyyet.az) da dağıdılıb”,-deyə Şərəfxanlı bildirib.

RATİ hadisə ilə əlaqədar QHT-lərə Dövlət Dəstəyi Şurasından Səfər Alışarlı və Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbudla əlaqə saxlayıb. Səfər Alışarlı bildirib ki, “Yeni Cümhuriyyət” qəzeti Şuraya qarşı qərəzli mövqe tutur, yalan məlumatlara əsaslanır və qəzetin belə məlumatları yayması təəssüf doğurur. “Redaksiyaya saytımızın baş redaktoru Sənan müəllim və əməkdaşımızın getməsində məqsəd qəzetdə Şuraya qarşı qərəzli, həqiqəti əks etdirməyən məlumatların getməsini aydınlaşdırmaq olub. Sənan müəllim özü peşəkar təcrübəli jurnalistdir və Nəsimi müəllimə bunu irad bildirib. Hər hansı başqa tələb və məqsəd olmayıb. İkinci əməkdaş da baş redaktorla birlikdə gedib. Əksinə, Nəsimi Şərəfxanlı onlara qarşı kobudluq  edib, arxalarınca da şər-böhtan xarakterli informasiyalar yayır. Bununla sadəcə özlərini reklam edirlər. Elməddin Behbud bildirib ki, əgər belə davam eləsələr, əlbəttə, cavabsız qalmayacaq. “Hədə-qorxularla əlaqədar “Yeni Cümhuriyyət” -in redaktorunun söylədiklərinə cavab olaraq Mətbuat xidmətinin rəhbəri emosional cavab verib ki, “Nəsimi ümumiyyətlə yalan deyir, Nəsimi qələt edir, başını daşa döyür. Bu cür davam eləsə məhkəməyə verəcəyik və ona göstərəcəyik ki, jurnalistika necə olmalıdır”,- deyə  Behbud qeyd edib.

Xatırladaq ki, “Yeni cümhuriyyət” qəzetinin sözügedən yazısında mənbəyə istinadla bildirilirdi ki, hər il Şuranın maliyyə verdiyi 400-ə yaxın təşkilatın 70% -nin maliyyə hesabatlarının hazırlanması baş mühasib Tofiq Həsənova və yeznəsi Şahin Məhərrəmova həvalə olunur. Hər hesabata görə layihələrin hər ayı üçün 150 manat alınır. Layihənin müddəti 6 aydırsa, deməli maliyyə hesabatına görə 900 manat haqq ödənilir. Şura hazırda yerləşdiyi və Əli Həsənovun oğlunun adına olan ofisin icarəsinə hər ay 10 min manat ödəyir. Şuranın icraçı direktoruna yaxın Ceyhun Hacıbəyov adlı şəxsin maşınının katibliyə xidmətinə hər ay 1200 manat, baş mühasibin yaxın qohumu və kompüterlərə texniki xidmət göstərən şəxsə hər ay 1500 manat, icraçı direktor, baş mühasib və hüquqşünasa hər ay 1500 manatlıq ezamiyyət , hər ay 3 min manat dəftərxana xərclərinə, hər ay 5000 manat mətbəə xərclərinə gedir.

Previous Post

Beynəlxalq İnsan Hüquqları Günü: Azərbaycan İfadə Azadlığı Hüququna Hörmət Etməlidir

Next Post

“Hüquq Müdafiəçiləri ilə Görüş” adlı sərgi -yarmarka keçirilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.