Hüquq müdafiə təşkilatların Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu həbsdə olan azərbaycanlı jurnalist Eynulla Fətullayevin işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinin verdiyi qərarın icra olunması üçün Nazirlər Komitəsinin Azərbaycan hakimiyyətinə etdiyi çağırışı dəstəkləyir. Qrup Fətullayevin hələ də günahsız şəkildə həbsdə qalması ilə bağlı dərin narahatlıq keçirir və onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.
Avropa Şurası Nazirlər Komitəsi Martın 11-də insan haqları ilə bağlı Komitənin iclasında Fətullayevin işi ilə bağlı ikinci qərarını açıqladı. Qərarda bildirilir ki, Komitə Fətullayevin hələ də həbsdə qalmasından ciddi narahatdır və Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin işlə bağlı verdiyi qərarın həyata keçirilməsi üçün bütün maneələri aradan qaldırmağa çağırır.
“Senzura İndeksi” təşkilatından Nataşa Şmidt isə bildirib ki, Azərbaycan hakimiyyəti Avropa məhkəməsinin Fətullayevin xeyrinə çıxardığı qərara və beynəlxalq məhkəmə hökmünə məhəl qoymayaraq Fətullayevin həbsdə qalmasını təmin etmək üçün hər cür addım atıb.
Onun həbsi göstərir ki, hökumət ifadə azadlığına açıq aşkar düşmən kəsilib və insan haqları ilə bağlı öhdəliklərə hörmətlə yanaşmır.
Məşhur qəzetin redaktoru və tədqiqatçı reportyor Fətullayev jurnalist fəaliyyəti ilə bağlı haqsız olaraq 2007-ci ilin aprel ayında həbs edilmişdir. İnsan Haqları üzrə Avropa Məhkəməsi 2007-ci ilin aprel ayında verdiyi qərarda göstərmişdi ki, onun həbsi ifadə azadlığı və ədalətli məhkəmə hüququnun pozulmasıdır. Fətullayevin həbsindən bir az sonra Azərbaycan hakimiyyəti yeni siyasi əsaslarla narkotikdən istifadə ittihamı ilə onu hələ də həbsdə saxlayır.
Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu Komitənin qərarını alqışlayır və Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin Fətullayevin dərhal və şərtsiz həbsdən azad edilməsi ilə bağlı qərarını həyata keçirməyə çağırır.
Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.
Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.