Beynəlxalq təşkİlatlar Gənc fəalın həbsİnə görə Azərbaycan hakİmİyyətİnİ pİsləyİr

     “Sərhədsiz Reportyorlar” təşkilatı ötən gün narkotik maddə saxlamaq üzrə uydurma ittiham ilə iki il yarım müddətinə azadlıqdan məhrum edilmiş Cabbar Savalanın barəsində hökmü pisləyib. “Savalan müxalifətə və İlham Əliyev hökumətinin əleyhinə olanlara qarşı yönələn repressiyaların qurbanı olub. Bu gənc vətəndaş günahsızdır və onun həbsi hakim rejimi tənqid edənləri susdurmaq məqsədi güdür.

Azərbaycan hakimiyyəti sosial şəbəkələrdə iqtidarı tənqid edən gəncləri həbsə atdırmaq üçün daim xuliqanlıq, avtomobil hərəkəti qaydalarının pozulması, telefonla ucadan danışmaq və s. kimi “absurd” ittihamlardan istifadə edir. Məhz buna görə də İlham Əliyev “mətbuat yırtıcıları” siyahısına daxil edilib. ”, -deyə  bəyanatda bildirilir.

            “Sərhədsiz reportyorlar” Savalanın məhkəmə prosesini işıqlandıran bir neçə jurnalistin saxlanması və döyülməsi faktını da qeydə alıb. Təşkilat blogger Cabbar Savalanın dərhal və şərtsiz azad edilməsini, sosial şəbəkələrdə fəallara qarşı repressiyalara son qoyulmasını tələb edib.

            Digər nüfuzlu beynəlxalq təşkilat – Amnesty İnternational Savalanın barəsindəki hökmü pisləyərək onu saxta adlandırıb. “Müxalifətin küçə aksiyalarında iştirakından və Facebook sosial şəbəkəsi  vasitəsilə gəncləri etiraz aksiyalarında iştiraka çağırmasından sonra gənc fəalın izlənilməsinə başlanılıb,”-deyə bənayatda qeyd edilib.

            “Savalan küçədə həbs olunduğu zaman onun üzərindən heç nə tapılmayıb. Lakin sonra polisdə onun cibindən narkotik maddə çıxıb. Bütün bunlar təsdiqləyir ki, ittihamlar saxtadır, həbsin əsl səbəbi onun etiraz aksiyalarına çağırışlar etməsidir, -deyə  «Amnesty International»ın Avropa və Mərkəzi Asiya proqramının direktor müavini John Dalhuisen bildirib.

             Human Rights Watch təşkilatı da Savalanın həbsini pisləyən bəyanatla çıxış edib və bu hadisəni tənqidi səslərin boğulması adlandırıb. “Bu cür vəhşi repressiyaların Avropa Şurasının üzvü olan ölkədə baş verməsi utandırıcı haldır”, – deyə təşkilatın Avropa ölkələri üzrə nümayəndəsi Reyçel Denber vurğulayıb. O əlavə edib ki, etiraz aksiyalarında fəal iştirak etmiş və son parlament seçkilərində hakimiyyətin saxtakarlığını ifşa etmiş Vidadi İsgəndərov da yaxın vaxtlarda növbəti siyasi məhbus ola bilər.

            Bununla yanaşı ABŞ səfirliyi də Cabbar Savalanlının həbsinə münasibət bildirib. “Azadlıq” radiosunun məlumatına görə Səfirliyin açıqlamasında deyilir ki, cənab Savalanlının  «Facebook» şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı  ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur. Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik qurumların və hüquq normalarının güclənməsini əzmlə dəstəkləyir. Ədliyyə orqanlarına müraciət edilir ki,  Savalanlının apelyasiyasına Azərbaycanın hüquq və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılsın.

            Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlının 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

 

Previous Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ MAYIN 10-DA DAVAM EDƏCƏK

Next Post

RATİ ƏMƏKDAŞI GƏNCƏ POLİSİNİN TƏZYİQİ İLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.