Hüquq pozuntularına etiraz edən daha bir bloggerin həbsi Azərbaycanda internetin azad olması iddiasının yalan olduğunu göstərir

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ötən Cümə azərbaycanlı insan hüquqları bloggeri Ömər Məmmədovu narkotik satışı ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edən məhkəmə hökmünü Azərbaycan internetinin gələcəyi üçün son dərəcə narahatlıq doğuran bir əlamət hesab edir. Ömər Məmmədov yanvar ayında həbs olunub. 19 yaşlı blogger ona qarşı irəli sürülmüş ittihamları qətiyyətlə rədd edib, ittiham tərəfi isə iddialarını əsaslandıran heç bir sübut ortaya qoymayıb.

Ömər Məmmədov 24 yanvar 2014-cü ildə diş həkiminə gedərkən yolda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanıb. O, narkotik saxlamaqda (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) ittiham olunub. Prokurorlar uydurma təsiri bağışlayan sübut təqdim etdiklərinə görə məhkəməni müşahidə edən RATİ araşdırmaçıları və müstəqil müşahidəçilər tərəfindən sərt tənqid olunublar.

Ömər Məmmədov “Axın” hərəkatının təsisçi üzvü və N!DA Vətəndaş Hərəkatının üzvüdür. Məmmədov fəal blogger və “AZTVdən Seçmələr” adlı satirik Facebook səhifəsinin keçmiş adminidir. Bu Facebook səhifəsi vasitəsi ilə Məmmədov səhifənin 57 min izləyicisinə hakimiyyəti tənqid edən informasiya və şəkillər yayırdı. Məmmədov öz bloqunda (http://omar-mamedov.blogspot.com) Azərbaycan hakimiyyəti tərəfindən sərbəst toplaşma azadlığının pozulması, polis zorakılığı və digər hüquq pozuntularını tənqid edən şərhlər yazırdı.

Bu il iyunun 24-də Avropa Şurası Parlament Assambleyasına müraciətində Azərbaycan prezidenti İlham Əliyev “Bizdə internet azaddır” deyə bildirib. RATİ vurğulayır ki, internetin inkişaf potensialının tam reallaşdırılması üçün prezident və hökumət informasiyanın internetdə cəza qorxusu altında olmadan axtarılmasına və yayılmasına şərait yaratmalıdır. Azərbaycan hökumətinin iqtisadi inkişafa dəstək məqsədi ilə internet və İKT xidmətlərini fəal təşviq etməsinə baxmayaraq, hakimiyyəti tənqid etməyə və ya hüquq pozuntuları və korrupsiya mövzusunda yazmağa cəsarət edən bloggerlər və onlayn fəallar təqib və həbslə üzləşirlər. Altı blogger və onlayn fəalın uydurma narkotik saxlama və xuliqanlıq maddələri ilə həbsdə olduğu Azərbaycanda internet azadlığı sahəsində durum pisləşməkdə davam edir.

“RATİ-də hər kəs ötən həftə Ömər Məmmədovun barəsində çıxarılmış ədalətsiz azadlıqdan məhrum etmə hökmündən narahatlıq hissi keçirib,” deyə RATİ sədri Emin Hüseynov bildirib. “Ömərin barəsində çıxarılan hökm Azərbaycan internetinin gələcəyi üçün son dərəcə narahatlıq doğuran bir əlamətdir. Biz bu hökmü qəti şəkildə pisləyirik. Saxta narkotik ittihamı əsasında verilmiş bu 5 illik həbs cəzası Azərbaycan hökumətinin danışmağa cəsarət edən şəxsləri həbs etməklə digərlərini qorxutmaq tendensiyasının göstəricisidir. Biz Ömər Məmmədov və digər on blogger və jurnalistin dərhal azad olunmasına çağırırıq,” deyə Hüseynov bildirib.

RATİ Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyası və İnsan Hüquqları haqqında Ümumi Bəyannaməyə uyğun olaraq, jurnalist və bloggerlərin öz qanuni fəaliyyətini bütün hallarda həm onlayn, həm də oflayn rejimdə heç bir maneə və cəza qorxusu altında olmadan həyata keçirə bilməsini təmin etməyə çağırır.

Previous Post

Ömər Məmmədovun vəkili məhkəməni müvəkkilinə bəraət verməyə çağırıb

Next Post

Apellyasiya məhkəməsi Qurban Məmmədovun hökmünü qüvvədə saxladı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.